Azərbaycan Xalq Partiyasının sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn APA-ya müsahibəsi
- Hazırda müxalifət düşərgəsində nə baş verir?
- Müxalifət ciddi hadisə olacaq prezident seçkilərinə hazırlaşır və bu istiqamətdə müəyyən addımları da atıb. Yəni Milli Şurada əsas müxalifətin bir hissəsi birləşib. Eyni zamanda Milli Şuraya daxil olmayan, əhəmiyyətli sayda müxalifətdə olan və ya vətəndaş cəmiyyəti düşərgəsindəki, ümumiyyətlə isə siyasətlə maraqlanan bir sıra şəxslər, qruplar və təsisatlar da Milli Şuraya dəstək verdiklərini bəyan ediblər. Milli Şuranın vahid namizədinin müəyyənləşməsi ciddi hadisədir. Bu istiqamətdə də önəmli məsələ konkret olaraq seçkilərə hazırlaşmaq və ilk növbədə vahid namizədin qeydə alınmasına nail olmaq mərhələsi gəlir. Aydın məsələdir ki, müxalifət müxtəlif ictimai-siyasi platformaları əhatə edir, müəyyən istər ideoloji, istərsə də geosiyasi meylləri birləşdirir. Hadisələrə yanaşmada əlbəttə ki, müxtəlif fərqliliklər də var. Amma hesab edirəm ki, hazırda ümumi maraq və mənafelərin dərk olunması və bu istiqamətdə prezident seçkilərinə hazırlaşmaq məsələsi prioritet təşkil edir.
- Dediniz ki, bir çox partiyalar Milli Şuranın vahid namizədini dəstəkləyir. Bilmək istərdik ki, Azərbaycan Xalq Partiyası və şəxsən Pənah Hüseyn Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizədliyini dəstəkləyirmi?
- Bizim Xalq Partiyasının Müsavat başqanı İsa Qəmbərin namizədliyini dəstəklənməsi haqqında siyasi qərarı var. Amma bilirsiniz ki, həm Müsavat Partiyası, həm də İsa Qəmbər Rüstəm İbrahimbəyovun vahid namizədliyinin müdafiə olunması barədə mövqe bəyan edirlər. Əlbəttə ki, biz də buna müvafiq olaraq və ümumiyyətlə, müxalifət düşərgəsində bu gün prioritet olan istiqamətə uyğun olaraq əgər Milli Şura seçkilərdə vahid namizədlə iştirak edəcəksə, həmin namizədi müdafiə edəcəyik.
- Bu günlərdə maraqlı bir ifadə işlətdiniz: “İlk dəfədir ssenari müəllifi özümüz olmayan proseslərdə iştirak edirik”...
- Özümüz deyərkən burada milli demokratik düşərgəni nəzərdə tuturdum. Çünki 1980-ci illərin sonundan başlayaraq Azərbaycanda demokratik proseslər istər iqtidarda, istərsə də müxalifətdə olaraq milli demokratik düşərgə kimi xarakterizə olunan qüvvələrin bəzi hallarda hətta aparıcı təsiri ilə baş verir. Hazırda isə bu, müxtəlif qüvvələrin birləşdiyi Milli Şuradır. Bu ideyanın irəli sürülməsi də, bunun əsas toplayıcısı da və hazırda lideri də Rüstəm İbrahimbəyovdur. Əlbəttə ki, bu faktor yuxarıda dediyim fikirlə əks olunub. Bu bir reallıqdır və mən bunun altını cızmışam. Fakt odur ki, hazırda Milli Şura çətiri altında gedən proses bizim, yəni milli demokratik düşərgənin özü tərəfindən yazılan və idarə olunan proses deyil. Məsələn, mənə məlumdur ki, bizim bəzi önəmli siyasi xadimlərimiz də baş verən, ortalığa atılan və ya icra olunan bəzi məsələlərdən heç də əvvəlcədən məlumatlı olmurlar. Mən buna bir növ işarə etmişəm. Burada başqa amillər də var. Bəzi təhlilçilər ya bilərəkdən, ya qəsdlə burada daxili və xarici amillər məsələsini də qabartmağa çalışırlar. Şübhəsiz ki, Azərbaycandakı bütün proseslərdə istər Qərblə bağlı, istərsə də şimal və ya cənubla bağlı xarici amilin rolunu inkar etmək mümkün deyil. Zaman-zaman da burada vektorlar dəyişir. Bu fakt da diqqətdən kənarda qala bilməz.
- O zaman müəllifi olmadığınız bu ssenarini kim yazıb, Sizcə?
- Bu əslində bir obrazlı ifadədir. Yəni burada mən Rüstəm İbrahimbəyovun ssenarist olmasına, bəzi hallarda rejissor kimi də fəaliyyət göstərməsinə işarə etmişəm. Əlbəttə ki, burada alt mənalar da var. Bizim, əlbəttə, bu proses haqqında məlumatlarımız da var, bəzi məsələlər isə güman və ehtimallardır. İstəyimiz odur ki, ssenarinin kim tərəfindən yazılıb-yazılmamasından asılı olmayaraq, bu Azərbaycanın - demokratik düşərgənin maraq və mənafeyinə xidmət etsin. Yaranmış vəziyyətin əsasən iki və ya daha artıq müəllifi var. Belə bir vəziyyətin yaranması mövcud iqtidarın siyasinin nəticəsidir.
- İsa Qəmbər və Əli Kərimlinin vahid namizəd məsələsində razılığa gələ bilməməsinin günahkarı iqtidardırmı?
- Mən fikrimi kifayət qədər aydın ifadə etdim. Cəmiyyətin həmin hissəsində indiki müxalifətin elektoratı da var. Hazırda xarici təsirlər daxil olmaqla birmənalı olmayan məsələlərə 5-10 il əvvəldən fərqli olaraq, həssaslıq itib. Hazırda İsa Qəmbər və Əli Kərimli öz siyasi seçimini edərək, Rüstəm İbrahimbəyovun vahid namizədliyi məsələsində uzlaşıblar. Burada Rüstəm İbrahimbəyovun özünün də rolu olub. Deyim ki, ikili vətəndaşlıq kimi amillər olmayacaqsa, Rüstəm İbrahimbəyovun hansısa bəhanələrlə qeydə alınmaması çox ciddi problem yaradacaq. Bu baxımdan bu seçimin heç də ən pis seçim olmadığına diqqət etmək lazımdır. Yəni bu məsələ müəyyən suallar yaratdığı kimi, bəzi pozitivləri də var.
- Rüstəm İbrahimbəyovun vahid namizəd elan olunmasından sonra AXCP və Müsavat Partiyası arasında münasibətlər kəskinləşib. İstər sosial şəbəkələrdə, istərsə də mətbuatda funksionerlər səviyyəsində qarşılıqlı ittihamlar səngimir. Bu ittihamların da əsas qaynağı ondan ibarətdir ki, İsa Qəmbər və Əli Kərimli vahid namizəd məsələsində razılığa gəlsəydi, daha dəqiqi, Əli Kərimli vaxtında İsa Qəmbərin vahid namizədliyinə razılıq versəydi, Rüstəm İbrahimbəyov vahid namizəd olmazdı...
- Mən sizinlə razı deyiləm. 1993-cü ildən sonrakı dövrə baxsanız, bir çox hallarda bu iki partiya arasında həm müttəfiqlik, həm rəqabət məqamları olub. İndi də biz bunu müşahidə edirik. Bu məsələdə mövqeyim bundan ibarətdir ki, iki bir-birinə yaxın platformada duran qüvvələr üçün bəzən qabaran daxili ziddiyyətlərə baxmayaraq, onların əlaqələrinin qırılması mümkün olmayacaq. Bəzən bu ziddiyyətlər həmin partiyaların daxili enerjisini alsa da, bəzən də hərəkətverici impuls verir. Mübahisələrdə hərdən etik çərçivələr aşılmasına baxmayaraq, bunlar keçici hallardır.
- İsa Qəmbər Rüstəm İbrahimbəyov namizəd elan olunan toplantıda öz namizədliyinin qüvvədə qalması ilə bağlı bəyanat verdi. Bundan sonra müttəfiq AXCP-dən İsa Qəmbərə qarşı ittihamlar səsləndi ki, o, hakimiyyətə “Rüstəm İbrahimbəyovun yox, mənim namizədliyimi qeydə alın” mesajını verir...
- Burada mühüm olan məsələ AXCP-nin sədrinin və ya onun seçkili orqanlarının mövqeyidir. Ayrı-ayrı şəxslər müxtəlif mülahizələr söyləyə bilərlər. Mən bütün bunları heç də əhəmiyyətsiz saymıram. Amma aparıcı proses də bundan ibarət deyil. İkincisi, bu məsələlər haqda İsa Qəmbərin, Rüstəm İbrahimbəyovun və digər Milli Şura üzvlərinin bəyanatları var. Məncə, burada hansısa xüsusi yenilik axtarmaq mümkün deyil. Hazırda mənə məlum olduğu dərəcədə İsa Qəmbər və Müsavat Partiyası seçki ilə bağlı konseptual məsələlərə üstünlük verir. Yəni seçkilərdə iştirak, boykotdan imtina, müxalifət düşərgəsində seçkiyə hazırlıq mərhələsinin uğurla getməsi. Təbii ki, yaxın ay yarımdan sonra, xüsusən Rüstəm İbrahimbəyovun qeydiyyatının konkret məsələləri ilə bağlı situasiya hansı şəkildə olacaqsa, o halda siyasi tərəfi üstünlük təşkil edəcək. Yekun qərar da buna uyğun qəbul olunacaq. Yəni hazırda səslənən fikir və bəyanatlar indiki situasiyaya uyğundur. Bu baxımdan da hər halda, İsa Qəmbərin guya Milli Şuranın vahid namizədinin qeydə alınmasında maraqlı olmaması və partiyasının bu istiqamətdə addımlar atmasını iddia etmək, sadəcə, ya cahillikdir, ya da qərəzdən irəli gələn məsələdir. Yaxın dövrdə bu məsələlərdə kimin-kim olduğu və kimin həqiqətən müxalifət düşərgəsinin ümumi seçki strategiyasına xidmət etdiyi, kimin isə yalnız çərənçiliklə məşğul olduğu aydın olacaq.
- Bir müddət əvvəl Rüstəm İbrahimbəyov müsahibəsində bildirmişdi ki, Milli Şura ya öz vahid namizədini qeydiyyata aldırmalı, onun namizədliyi qeydə alınmayacağı təqdirdə isə qeydiyyatı uğrunda mübarizə aparmalıdır. Yəni ikinci bir namizədə ehtiyac yoxdur. Siz bu taktiki gedişi bölüşürsünüzmü?
- Bunu Milli Şuranın səlahiyyətinə aid olan məsələ hesab edirəm. Prinsip etibarilə əlbəttə ki, yuxarıda qeyd etdiyim kimi, Rüstəm İbrahimbəyov əsassız bəhanələrlə qeydə alınmayacaqsa, bu, yeni bir situasiya yaradacaq. Müxalifət düşərgəsində ikinci namizədin olması və başqa məsələlər isə müxalifətin özünə aid olan məsələlərdir. Mən Milli Şuranın üzvü deyiləm və bu məsələlər haqda danışmağı da etik saymıram. Xalq Partiyası Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyini müdafiə edir və eyni zamanda Milli Şuranın vahid namizədi seçkilərdə iştirak edəcəyi halda, həmin namizədi müdafiə edəcək.