PA: “ABŞ-ın mövqeyi seçicilərə hörmətsizlikdir” - APA TV
11 oktyabr 2013 16:27 (UTC +04:00)

PA: “ABŞ-ın mövqeyi seçicilərə hörmətsizlikdir” - APA TV

“ABŞ Dövlət Departamentinin 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair mövqeyi ədalətli deyil və reallığı əks etdirmir”. Lent.az-ın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bildirib. Onun sözlərinə görə,  bu mövqe onu göstərir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ABŞ ilə birlikdə demokratiya və insan hüquqları məsələlərini öz monopoliyası hesab edərək, ondan özünün istədiyi formada istifadə edir.
”Lakin artıq aydındır ki, demokratiya və insan haqları məsələlərinin bu formada təzyiq alətinə çevrilməsi uğurlu nəticə vermir. Beynəlxalq aləmdə buna dair onlarla nümunə göstərmək olar.  Azərbaycanda keçirilmiş prezident seçkiləri digər ölkələrdəki seçkilərin heç birindən geri qalmır, hətta bir çox parametrlərinə görə irəlidədir. Bir sıra digər ölkələrdə ciddi qanun pozuntularının müşahidə olunduğu seçkilərə elə ABŞ və ATƏT DTİHB-nin verdiyi subyektiv qiymətləndirmə fonunda, onların bu qərəzli mövqeyi təəccüb və heyrət doğurur.
Demokratiyanı mühüm dəyər hesab edənlərin özləri demokratik prinsiplərə əməl edərək nümunə göstərməlidirlər. Maraqlıdır ki, 98 ölkə və 48 beynəlxalq təşkilatdan seçkiləri müşahidə edən 1500-ə yaxın müşahidəçi, o cümlədən AŞPA, Avropa Parlamenti, QDİƏT PA, TürkPA-nın müşahidə missiyaları və xarici ölkələrin müstəqil müşahidəçilərinin əksəriyyəti seçkilər haqda müsbət rəy bildiriblər. Lakin nədənsə bu rəylər Dövlət Departamentinin məsələyə münasibətində əks olunmayıb”.
 

N. Məmmədov onu da bildirib ki, ABŞ-da sadə insanların seçdiyi konqresmen, senator və digər seçkili orqanların təmsilçilərinin bu seçkiləri ədalətli və şəffaf qiymətləndirməsi ilə Dövlət Departamentinin birmənalı şəkildə ifadə etdiyi tənqidi fikir heç bir şəkildə üst-üstə düşmür:
”Seçkilərdə Azərbaycan xalqı öz iradəsini nümayiş etdirib. Bu seçim seçkiöncəsi və sonrasında müxtəlif beynəlxalq müşahidə missiyaları, ekspertlər, ABŞ və Avropa qurumlarının keçirdiyi “exit-poll”lar tərəfindən də tam şəkildə təsdiq olunub. DTİHB və ABŞ-ın mövqeyi isə əslində seçkilərdə iştirak etmiş insanların iradəsinə və hüquqlarına hörmətsizlikdir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazenin seçki ilə bağlı müşahidələrinin DTİHB-nin hesabatında nəzərə alınmaması qərəzli mövqedən xəbər verir. Bu, demokratik prinsiplərin tamamilə pozulması demək deyilmi?”
 

PA rəsmisi onu da vurğulayıb ki,  DTİHB-nin müşahidə missiyasının tərkibindəki müşahidəçilərin əksəriyyətinin bu sahədə təcrübəsinin olmadığı müəyyən edilib: DTİHB-dən fərqli olaraq, AŞPA, ATƏT PA, MDB PA, QDİƏT PA kimi təşkilatların müşahidə missiyaları seçki prosesinin müşahidəsi üzrə ixtisaslaşmış ekspertlərdən təşkil olunub. Buradan belə bir qənaətə gəlmək olar ki, bu, məqsədyönlü şəkildə belə edilmişdir. Seçki prosesindən xəbərsiz və bununla bağlı mövqe bildirmək iqtidarında olmayan insanların müşahidə missiyasına daxil edilməsi əvvəlcədən qərarlaşdırılmış rəyin yekunda qəbul edilməsini təmin etmək üçün atılmış addımdır.
Tez-tez müxtəlif ölkələrin onların qarşısında öhdəliklərindən danışan ATƏT və ABŞ-ın da Azərbaycan qarşısında öhdəliklərinin olduğunu unutmaq lazım deyildir. Lakin onlar bu öhdəlikləri yerinə yetirmək üçün indiyədək heç bir addım atmayıblar və bu barədə heç düşünmürlər.
Təəssüflər olsun ki, belə münasibət ATƏT-in bundan sonra keçiriləcək seçki prosesinə dəvət edilməsinin məqsədəuyğunluğunu sual altında qoyur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1240

Oxşar yazılar