PA-nın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov gənc alimləri daha yuxarı elitada təmsil olunmağa çağırıb. Lent. az-ın məlumatına görə, Ə. Həsənov gənc alimlərin ümumi yığıncağında bildirib ki, gənc alimlər təmsil olunmayanda intellekti aşağı olan insanlar onların yerlərini tuturlar: “Azərbaycan mətbuatına baxın. Görün, bəzi hallarda kimlər cəmiyyəti yönəltməyə səy göstərir? İntellektual səviyyəsi sizdən qat-qat aşağı, lakin fəallığı sizdən qat-qat yüksək olan insanlar. Niyə onlar Azərbaycan cəmiyyətini yönəltməyə sizdən çox səy göstərməlidirlər”
PA rəsmisinin sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasında təmsil olunan gənclər bu gün ortaya fəallıq nümunəsi qoymalıdır: “Dövlət başçısı İlham Əliyev akademiya gəncliyindən bunu gözləyir. Çox təəssüflər olsun ki, son illərin praktikasına əsasən gənclər daha çox elmə deyil, biznesə maraq göstərirlər”.
Ə. Həsənov həmçinin, gənc alimlərin seçkilərdə İlham Əliyevin namizədliyinin dəstəkləməsinə də münasibət bildirib: “ Bu, onu deməyə əsas verir ki, elitar gənclik tərəfindən dəstəklənən siyasət yaşamağa layiqdir”.