Milli Məclisin sədri Oqtay Əsədov Xorvatiya prezidenti İvo Yosipoviçlə görüşüb. Lent.az-ın “AzərTAc”-a istinadən verdiyi məlumata görə, prezident İvo Yosipoviç dövlətlərimizin strateji tərəfdaş olduğunu vurğulayıb. Milli Məclisin sədri Azərbaycan dövlət başçısı İlham Əliyevin salamlarını Xorvatiya prezidentinə çatdırıb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan sədr Xorvatiyanın da müstəqillik əldə etdikdən sonra oxşar problemlə üzləşdiyini xatırladıb.
Qeyd edilib ki, Azərbaycan münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlıdır. Lakin münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyəti nəticə vermir. Milli Məclisin sədri Dağlıq Qarabağ məsələsində Xorvatiyanın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə və ölkəmizin ərazi bütövlüyünün Zaqreb Bəyannaməsində əks olunduğuna görə Xorvatiya hökumətinə minnətdarlığını bildirib.
Prezident Yosipoviç Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın problemin sülh yolu ilə həll olunmasında səylərini dəstəklədiyini, hərb yolunun bu cür məsələləri daha da mürəkkəbləşdirdiyini vurğulayıb.