Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə Milli Məclisdə ciddi müzakirələrə səbəb olub. Lent.az-ın verdiyi məlumata görə, millət vəkili Fazil Mustafa həbsdəki insanları azadlığa buraxılmasını təklif edib.
İlqar Məmmədovla bağlı mövqeyini öncə də açıqladığını, onun deputatları təhqiq etməsinin yolverilməz olduğunu bildirən Fazil Mustafa deyib ki, Azərbaycanda bir sıra şəxslərin azadlığa buraxılmasına ehtiyac var: “Məsələn, Tofiq Yaqublu Qarabağ savaşının iştirakçısıdr, ən azı belə məqamları nəzərə almaq lazımdır”.
O, Avropa strukturlarından çıxmağın çıxış yolu olmadığını bildirib:
“Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamədə qərəzli məqamlar var. Amma Avropa strukturlarında təmsil olunan deputatlarımıza qarşı iradları qəbul etmirəm. Siyavuş Novruzov 10 ildir ki, NATO Parlament Assambleyasındadır, NATO-nun bir dviziyasını gətirsin, Qarabağı azad etsin”.
Fazil Mustafa Milli Məclisdə təmsil olunan partiyaların qruplar yaratmasını zəruri sayıb: “Təklif edəndə, deyirlər ki, bir nəfərsiz”.
Spiker Oqtay Əsədov isə Fazil Mustafaya irad tutub: “Sizin partiyanız niyə Avropa Parlamentinin qruplarında deyil?”.
Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov Fazil Mustafanın həbsdəki insanları azadlığa buraxmaq təklifini qəbuledilməz sayıb: “İlqar Məmmədovun həbsi qeyri-hüquqi hərəkətləri ilə bağlıdır. İsmayıllı hadisələri zamanı bir sıra müxalifətçi insanların iğtişaş törətmək niyyətindən xəbərdaram. Avropa Parlamentinin qətnaməsinə gəlincə, bu qətnamə hüquqi cəhətdən qüsurludur. Azərbaycan Avropa Parlamentində təmsil olunmadığına görə, bizə qarşı belə qərar qəbul etməsi hüququ cəhətdən qüsurludur. İkincisi, 32 deputatın qəbul etdiyi qətnamə Avropa Parlamentinin qətnaməsi kimi təqdim oluna bilməz. Bu sənədin İlqar Məmmədovun işi adlandırılmasına baxmayaraq, çoxlu işin bura daxil edilməsi qərəzlidir. Azərbaycan vətəndaşları da ölkəmizə qarış qəbul edilən bu sənədə etirazlarını bildirməlidirlər. Prezident İlham Əliyevin Brüsselə səfəri ərəfəsində belə qətnamə qəbul edilməsi münasibətlərə xələl gətirə bilər”.
Millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov faşizmə görə Avropanın üzr istəməli olduğunu vurğulayıb: “Türkiyə Avropa Birliyinə qəbul üçün nələr etmədi, bu gün də qəbul etmirlər. Nə Avropa Parlamenti, nə Avropa Şurasının ölkəmizin haqlarını tapdamağa hüququ yoxdur. Tək İlqar məsələsi deyil, müstəqil dövlətin daxili işlərinə qarışmaq, prezident seçkiləri ərəfəsində qarışıqlıq salmaqdır”.
Spiker Oqtay Əsədov çıxış üçün İqbal Ağazadəyə söz verməyib. Bir sıra millət vəkillərinin daha öncə çıxışa yazıldığını, ancaq müzakirələr 1,5 saat davam etdiyi üçün Avropa Parlamentinin qətnaməsi ilə bağlı müzakirələrin dayandırılmasını məqbul sayıb. İqbal Ağazadənin yenə təkid etməsinə isə cavabı lakonik olub: “Məndən şikayət edərsən”.
İqbal Ağazadə isə yalnız özünün çıxış üçün təkid etdiyini söyləyib. O, söz verilmədiyi üçün zalı tərk edib.
Qeyd edək ki, İşçi Qrupu Avropa Parlamentinə etiraz bəyanatı hazırlayır.
Oqtay Əsədov İqbal Ağazadəyə səsləndi: “Məndən şikayət edərsən…”
1265