Milli Məclisin sədri Oqtay Əsədov İordaniya Haşimilər Krallığı Senatının Sədri Taher Masrini qəbul edib. Bu barədə Lent.az-a Milli Məclisindən məlumat verilib.
Qonağı səmimi salamlayan spiker Azərbaycan-İordaniya münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyib. Bildirilib ki, dövlət başçılarının görüşləri zamanı aparılan danışıqlar münasibətlərimizin daha da möhkəmlənməsi üçün yaxşı zəmin yaradıb.
Milli Məclisin sədri əlaqələrin dərinləşməsində parlamentlərin mühüm rol oynadığını vurğulayıb.
Görüşdə bildirilib ki, İƏT-in Parlament İttifaqında Xocalı faciəsi ilə əlaqədar müvafiq qərar qəbul olunub. Qurum milli parlamentlərə müraciət edərək bu soyqırımı hadisəsinə münasibət bildirilməsini tövsiyə edib.
“Azərbaycanda öz doğma yurdlarını tərk etmiş 1 milyondan artıq insan var. Biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq və bu məsələdə İƏT-in, o cümlədən İordaniyanın tutduğu mövqeyi yüksək dəyərləndiririk. Bəzi Qərb ölkələrindəki islamofobiyaya münasibətimiz mənfidir” - deyə, O. Əsədov əlavə edib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən İordaniya Haşimilər Krallığı Senatının Sədri Taher Masri bildirib ki, Cənubi Qafqazın önəmli ölkəsi olan Azərbaycanla gələcəkdə də münasibətləri dərinləşdirmək niyyətindədirlər.