ABŞ-ın Oklahoma ştatı ABŞ-Azərbaycan strateji tərəfdaşlığına və "Ştat Tərəfdaşlıq Proqramı" çərçivəsində Oklahoma Milli Qvardiyasının Azərbaycanla əməkdaşlıq əlaqələrinin 11-ci ildönümünə həsr olunmuş qətnamə qəbul edib. Lent.az-ın məlumatına görə, Qətnamə senat sessiyası zamanı Oklahoma Milli Qvardiyasının rəhbər heyəti və Azərbaycanın Vaşinqtondakı səfirliyinin nümayəndə heyətinin iştirakı ilə oxunduqdan sonra səsverməyə çıxarılmadan yekdilliklə təsdiq edilib. Senator Tom İvester tərəfindən irəli sürülmüş qətnaməyə senatorların hamısının həmmüəllif qismində qoşulması nadir bir hal olmaqla yanaşı, Oklahoma Senatının Azərbaycanla tərəfdaşlıq münasibətlərinə verdiyi önəmin mühüm göstəricisi olub.
Qətnamədə Azərbaycanın müsəlman şərqinin ilk parlamentli respublikası olması və müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun Azərbaycanda verilməsi, habelə ölkəmizdə müxtəlif etnik və konfessiyalara mənsub insanların əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşadığı qeyd olunur.
Qətnamədə həmçinin, Azərbaycanın ABŞ və NATO-nun etibarlı tərəfdaşı olması, İraq və Balkanlarda olduğu kimi, Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfə verməsi, Əfqanıstana gedən yüklərin 40%-nin Azərbaycanın ərazisindən daşınması bildirilir.