“Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu mövcud deyil. Hesab edirəm ki, bu kifayət qədər mürəkkəb və uzunmüddətli problemi yalnız sülh danışıqları ilə həll etmək olar”.
APA-nın məlumatına görə, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja İrəvanda Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Bağdasaryanla keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Qafqazda baş verən son hadisələr göstərir ki, münaqişə yaratmaq, güc tətbiqi haqqında qərar qəbul etmək asan, lakin hər şeyi dinc məcraya qaytarmaq çətindir: “KTMT prosesi diqqətlə izləyir, lakin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Mən istənilən qüvvənin bu prosesə müdaxilə etməsin və yeni alətlər əlavə etməsinə qarşıyam. Bu, qeyri-səmərəli olardı”.