Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı ilə görüşüb.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunda iştirak etmək üçün Bakıya gələn Halil Akıncı ilə görüşdə türkdilli dövlətlərin diaspor təşkilatlarının əməkdaşlığı və forumla bağlı məsələlər müzakirə olunub.
N. İbrahimov türkdilli ölkələrin diaspor təşkilatlarının birgə əməkdaşlığının zəruriliyindən danışıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunun bu istiqamətdə çox vacib addım olduğunu vurğulayıb. Dövlət Komitəsinin sədri qeyd edib ki, Forum çərçivəsində diaspor rəhbərləri üçün gələcək fəaliyyət istiqamətləri müəyyən ediləcək və onların reallaşdırılması yolları müzakirə olunacaq.
Forumun önəmindən danışan Halil Akıncı isə deyib ki, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan diasporunun birgə fəaliyyəti, bir sıra problemlərin həllində ortaq mövqedən çıxış etməsi gələcəkdə çox səmərəli olacaq. Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunda müzakirə ediləcək mövzular, qəbul ediləcək sənəd layihələri, çıxışlar və reqlament məsələləri haqqında da fikir mübadiləsi aparılıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu iyunun 21-də Bakıda keçiriləcək. Foruma dünyanın 44 ölkəsindən 500-ə yaxın nümayəndə dəvət edilib. Onların əksəriyyəti Azərbaycan, türk, qazax və qırğız diaspor təşkilatlarının rəhbərləri və təmsilçiləridir. Qonaqların arasında Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət və hökumət nümayəndələri, deputatlar və elm xadimləri də var.
Ramiz Mikayıloğlu