NATO qərargahında azərbaycanlı alimin kitabının təqdimatı
30 oktyabr 2013 23:49 (UTC +04:00)

NATO qərargahında azərbaycanlı alimin kitabının təqdimatı

 

NATO Mənzil Qərargahında “Azərbaycan Mərkəzi Avrasiyanın regional mərkəzi kimi” adlı kitabın təqdimatı keçirilib.

 

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən Lent.az-a verilən məlumata görə,  NATO Beynəlxalq Qərargahında Azərbaycan Diplomatik Akademiyasının müəllimi və elmi tədqiqatçısı Taleh Ziyadovun “Azərbaycan Mərkəzi Avrasiyanın regional mərkəzi kimi” adlı kitabının təqdimatı bir sıra NATO üzv və tərəfdaş ölkələrinin səfirlərinin iştirakı ilə “Dəyirmi masa”da müzakirə olunub.

Kitab Avroasiyanın ticarət, nəqliyyat, loqistika və təchizat şəbəkələrini strateji cəhətdən Araşdırmaqla yanaşı  Azərbaycan üçün əsas strategiyanı müəyyənləşdirir. Müəllif ölkənin qeyri-neft sektorunun inkişafına nəzər salır və “Azərbaycan 2030” strategiyasının hazırlanması və həyata keçirilməsi üçün müxtəlif variantlardan birini təklif edir.

 

“Dəyirmi masa”da Azərbaycanın quru, hava və dəniz tranzit yolları, Bakı-Tiflis-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət limanı və onların imkanları, qeyd olunan infrastrukturun region və Əfqanıstandan geriyə daşıma tranziti üçün əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

 

Geriyə daşımanın “İSAF” ölkələri üçün aktual olmasını nəzərə alaraq, sözügedən təqdimat NATO üzvləri və “İSAF” tərəfdaşları tərəfindən maraqla qarşılanıb.

 

Qeyd etmək istərdik ki, İSAF əməliyyatının 2014-cü ildə başa çatması ilə əlaqədar Əfqanıstandan geriyə çıxarılacaq hərbi heyət, sursat və avadanlıqların Azərbaycan, Türkiyə və Gürcüstan üzərindən tranzit daşınma imkanları NATO tərəfindən nəzərdən keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1116
avatar

Oxşar yazılar