MSK sədri ATƏT/DTİHB-nin hesabatlarının obyektivlikdən uzaq olduğunu bildirib
17 oktyabr 2013 21:06 (UTC +04:00)

MSK sədri ATƏT/DTİHB-nin hesabatlarının obyektivlikdən uzaq olduğunu bildirib

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının rəhbəri Tana de Zuluetanın rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüb. 

 

APA-nın məlumatına görə, görüşdə MSK sədri ATƏT/DTİHB-nin prezident seçkiləri ilə bağlı hesabatlarının obyektivlikdən uzaq olduğunu bildirib. Məzahir Pənahov bununla bağlı bir sıra faktları missiya təmsilçilərinin diqqətinə çatdıraraq qeyd edib ki, Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmiş çoxsaylı nüfuzlu beynəlxalq təşkilatların mövqeyindən kəskin surətdə fərqlənən hesabatı qəbul etməklə ATƏT/DTİHB özünü təcrid vəziyyətinə salıb. MSK sədri həmçinin vurğulayıb ki, prezident seçkilərinin müşahidəsinə dair Seçki Müşahidə Missiyasının ilkin hesabatı çoxsaylı müşahidəçilərin real müşahidələrinə və faktlara əsaslanan mövqelərinə tamamilə zidd olub və beləliklə, həqiqəti açıq-aşkar təhrif etməyə xidmət göstərən aralıq hesabatlardakı qərəzli yanaşma davam etdirilib: "Hesabat tərtib edilən zaman Seçki Məcəlləsi daxil olmaqla ölkə qanunvericiliyi aşkar təhrif olunub, prezident seçkilərinin müxtəlif mərhələləri qiymətləndirilərkən əksər hallarda heç bir fakta istinad olunmayıb və yalnız ehtimallar və ya maraqlı tərəflərin iddiaları əsas götürülüb, sadə balanslaşdırma prinsipi belə gözlənilməyıb".

 

MSK sədri fikirlərini sözügedən hesabatlardan konkret misallar gətirməklə əsaslandırıb, hesabatlarda ciddi hüquqi yanlışlıqlara yol verildiyini bildirib və hesabatlar tərtib olunarkən hansı faktlara istinad etdiklərini açıqlamalarını xahiş edib. Məzahir Pənahov həmçinin onu da bildirib ki, MSK demokratik dəyərləri öz fəaliyyətində rəhbər tutan beynəlxalq təşkilatlarla qarşılıqlı konstruktiv əməkdaşlığı hər zaman yüksək qiymətləndirməsinə baxmayaraq, ATƏT/DTİHB-nin Azərbaycanda keçirilən seçkilərə bir qayda olaraq qərəzli mövqe nümayiş etdirmələri MSK-nın bu qurumla gələcək əməkdaşlıq məsələsinə yenidən baxılması üçün Azərbaycan hökumətinə müraciət etmək məcburiyyəti qarşısında qoyub.

 

Qeyd edək ki, missiya rəhbərliyi sualları konkret cavablandırmayıb, hesabatda qeyd olunanlarla bağlı ümümi fikir ifadə etməklə kifayətlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762
avatar

Oxşar yazılar