Mingəçevirdə energetiklər konfrans keçirib-FOTO
Mingəçevirdə Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar konfrans keçirilib. Lent.az-ın məlumatına görə, “Azərenerji” ASC-nin təşkilatçılığı ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransın iştirakçıları əvvəlcə dahi rəhbərin xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil və gül dəstələri qoyublar. Tədbirdə çıxış edən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev bildirib ki, bu konfransın məhz Mingəçevirdə keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində ölkənin elektroenergetika mərkəzlərindən birinə çevrilən bu şəhərdə Azərbaycan İstilik Elektrik Stansiyasının və Su Elektrik Stansiyasının fəaliyyət göstərməsidir.
Konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “Azərenerji”ASC-nin vitse-prezidenti Marlen Əsgərov Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə respublika elektrik enerjisi sistemində görülmüş işlər və əldə olunan nailiyyətlərdən danışıb.
Tədbirdə “Azərenerji” ASC-nin kollektivi tərəfindən ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Sonra isə “Azərbaycanın müstəqil elektrik enerjisi sisteminin yaradıcısı” filmi nümayiş etdirilib.