Bu gün Milli Şuranın növbəti sessiyası keçirilir.
APA-nın xəbərinə görə, qapalı keçirilən sessiyanın saat 18.00-da bitəcəyi elan olunsa da, müzakirələr hələ də davam edir.
Toplantının gündəliyinə Milli Şuranın ehtiyat namizədinin müəyyənləşdirilməsi məsələsi çıxarılıb. Müzakirələrdə hər partiyanın öz namizədini irəli sürməsi, ehtiyat namizədin müəyyənləşdirilməsi, daha sonra seçki kampaniyası zamanı daha çox uğur qazanmış namizədin xeyrinə digərlərinin öz namizədliyini geri götürməsi məsələsi çıxarılıb.
İclasda Cəmil Həsənli və Mehman Əliyevin adları əlavə vahid namizəd kimi irəli sürülüb.
Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları hər partiyanın öz namizədinin irəli sürülməsini təklif etsə də, bu təklif dəstəklənməyib.
Toplantıya Milli Şuranın hazırda Moskvada olan sədri Rüstəm İbrahimbəyov da telefon vasitəsilə qoşulub. O, namizədliyinin müdafiə olunmasının tərəfdarı olduğunu, həmçinin əlavə vahid namizədin də müəyyən edilməsinin vacibliyini bildirib: “Namizədliyim qeydə alınmasa, əlavə vahid namizədə dəstək verəcəyəm”.
Sessiyanın uzanması iclas zalından kənarda gözləyən fəallar arasında mütəmadi olaraq gərginliklərin yaranması ilə müşahidə olunub. Hətta gərginlik o dərəcədə olub ki, AXCP və Müsavat Partiyasının rəhbərliyində təmsil olunan şəxslər bir neçə dəfə iclas zalından çıxaraq, fəalları sakitləşdirməyə çağırıblar.