Milli Şuranın dünən keçirilmiş sessiyasında maraqlı hadisə baş verib. Milli Şura üzvlərindən birinin lent.az-a verdiyi məlumata görə, Milli Şuranın qapalı sessiyasında bir nəfər müxtəlif vaxtlarda düz 4 dəfə çıxış edib. Milli Şura rəhbərliyinə müxtəlif təkliflər verən, hökumətin və müxalifətin də ünvanına tənqidlər səsləndirən bu şəxs hər dəfə 10 dəqiqəyə yaxın çıxış edib.
Nəhayət, dördüncü çıxışından sonra Milli Şura üzvləri bu şəxsin, ümumiyyətlə, kim olması, hansı qurumu təmsil etməsi ilə maraqlanıblar: “Həmin şəxs bir ad dedi. Bəlli oldu ki, o, Milli Şuradakı heç bir qurumu təmsil eləmir. Sadəcə, bir vətəndaşdı, gəlib oturub Milli Şuranın sessiyasında. Elə özü də belə dedi, dedi "xalqam", "xalqın nümayəndəsiyəm". Buna görə Milli Şuranın iclasını təşkil edənlərə irad bildirildi, həmin şəxs isə iclasdan çıxarıldı. Amma o, artıq 5 saat idi ki, zalda idi və 4 dəfə də çıxış etmişdi”.
Qeyd edək ki, ümumilikdə 129 nəfər üzvü var.