Milli Məclisin Azərbaycan-ABŞ Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun sədri Səməd Seyidovun rəhbərlik etdiyi, millət vəkilləri Sevinc Fətəliyeva və Asim Mollazadənin daxil olduğu Azərbaycan nümayəndə heyəti ABŞ Konqresindəki Azərbaycan üzrə Dostluq Qrupunun üzvləri ilə görüşlər keçirmək məqsədilə ABŞ-da işgüzar səfərdədir.
Lent.az-ın Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən məlumatına görə,səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti 16 iyul tarixində Oklahoma ştatını təmsil edən respublikaçı konqresmen Cim Braydenstaynla görüşüb.
Görüş zamanı ABŞ və Azərbaycan arasında münasibətlərin yüksələn xətt üzrə inkişafı, xüsusən, enerji, terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Konqresmen Braydenstayn ABŞ-ın regionda iştirakının vacibliyini vurğulamış, eləcə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində aparıcı rol oynadığını qeyd edib. Bu xüsusda, Cənub Dəhlizi barəsində verilmiş qərarın enerji sahəsində ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyinə ümidini vurğulayıb.
Qeyd edək ki, konqresmen Braydenstayn 2013-cü il mayın 28-29 tarixində Bakıda keçirilmiş II ABŞ-Azərbaycan Konvensiyasında iştirak edib.