Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mayın 19-da Hanoy şəhərində Ədəbiyyat Məbədi ilə tanış olub.
Lent.az-ın məlumatlna görə, Azərbaycanın birinci xanımına məlumat verilib ki, Ədəbiyyat Məbədinin əsası 1070-ci ildə imperator Li Than Tonq tərəfindən qoyulub. Məbəd Çin alimi Konfutsiyə həsr edilib. 1076-cı ildə Ədəbiyyat Məbədinin ərazisində Kral, dövlət qulluqçuları, zadəgan və digər elit təbəqəyə məxsus ailələrin övladlarının təhsil alması məqsədilə universitet - İmperial Akademiya yaradılıb. Bu, Vyetnamın ilk milli universiteti hesab olunur. Dövlət imtahanlarında yüksək nəticələr əldə etmiş şəxslərin adları məbədin həyətindəki xüsusi daş lövhələrin üzərində qeyd olunub. Həmin daş lövhələrdən 82-si məbədin həyətində nümayiş etdirilir. Ümumi sahəsi 54 min kvadratmetr olan kompleksin ərazisində Ədəbiyyat gölü, park və s. var.
Tran sülaləsinin hakimiyyəti dövründə (1225-1400-cü illər) məbəddə yenidənqurma işləri aparılıb. Təmir işləri digər sülalələrin hakimiyyətləri dövründə də ardıcıllıqla davam etdirilib. Təqribən iki əsr ərzində müharibələrə və fəlakətlərə baxmayaraq, binanın orijinal memarlıq üslubu qorunub saxlanıb.
Kompleks 2010-cu ildə UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilib.
Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim edilib.
Azərbaycanın birinci xanımı İmperial Akademiyanın tələbələrinin ifasında Vyetnam xalq musiqisini dinləyib. Sonra xatirə şəkli çəkdirilib.
Bu gün həmçinin Vyetnam Sosialist Respublikası Prezidentinin xanımı Mai Thi Hanh tərəfindən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şərəfinə nahar verilib.