MDB müşahidə missiyası: nəticələri legitim hesab edirik
10 oktyabr 2013 13:33 (UTC +04:00)

MDB müşahidə missiyası: nəticələri legitim hesab edirik

MDB müşahidə missiyası hesab edir ki, oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri ölkə Konstitusiyasına, Seçki Məcəlləsinə və beynəlxalq şəkildə qəbul edilmiş demokratik normalara uyğun keçirilib.


 

APA-nın xəbərinə görə, MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev seçkilərin yekunu ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, seçkilər açıq, şəffaf olub və Azərbaycan xalqı sərbəst şəkildə səsvermə hüququndan istifadə edib.


Onun sözlərin görə, seçki prosesinin məktəblərdə, mədəniyyət mərkəzlərində, saraylarda, institutlarda təşkil olunması xüsusilə diqqət çəkib: “Müşahidə missiyalarının ən çox tələb etdiyi şəffaf qutular, daşınan çantalar bütün məntəqələrdə təşkil olunmuşdu. Mən özüm günortadan sonra daşınan qutunun aparılması prosesində iştirak etdim. 1000-dən çox məntəqədə veb-kameralar qurulmuşdu. Telefon, fakslar təmin olunmuşdu. Bəzi məntəqələrdə tibb məntəqələri, uşaqlar üçün xüsusi yerlər var idi. İnsanların ümumi əhval-ruhiyyəsi yüksək idi”.


S.Lebedev seçkilərdə qanunvericiliyin təmin olunduğunu söyləyib: “Texniki xarakterli xüsusi hallardan başqa heç bir ciddi xarakterli qanun pozuntusu müşahidə etməmişik. Məsələn, eyni zamanda ər və arvad kabinəyə girib səs veriblər. Yaşlı ana və qızı  birlikdə girib, qız anasına yardım edib. Kişi kabinəyə girmədən kənardaca bülletenə işarə qoyub. Bir seçici iki bülleten - həm özünün, həm də xəstə xanımının yerinə atıb. Bəzi seçki məntəqələri bir az gec açılıb. Bəzi məntəqələrdə müşahidəçilər namünasib şəkildə əyləşiblər. Bu isə seçki prosesini izləməyə mane olurdu. Daha sonra biz dedikdən sonra düzgün yerdə əyləşdilər”.


Onun sözlərinə görə, düşünülmüş şəkildə seçkilərin saxtalaşdırılması üçün edilən ciddi qanun pozuntusu ilə rastlaşmayıblar. “Pozuntular xüsusi hallarda olub və bu heç cür seçkilərin nəticələrinə təsir etmir. Seçkiləri yaxşı təşkil olunmuş, nəticələri legitim hesab edirik”.


S.Lebedev qeyd edib ki, MDB müşahidə missiyasının qərargahı Azərbaycanda 10 sentyabr tarixindən başlayıb. Bu səbəbdən onlar həm seçkilərə hazırlıq, daha sonra isə seçkinin aparılması prosesini izləyib: “Missiya MDB də təmsil olunan ölkələrdən olan 270 nəfərdən ibarətdir. Tərkibində parlamentarlar, diplomatlar  və 6 ölkənin MSK sədrləri təmsil olunub”.

 

O, yekun qiymətləndirmənin MSK tərəfindən seçkilərin rəsmi nəticəsi elan olunduqdan sonra açıqlanacağını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 882
avatar

Oxşar yazılar