Bu gün Litva Seyminin xarici əlaqələr komitəsində telefon danışıqlarının internetdə yayılmasından sonra yaranan qalmaqalda adı hallanan Litvanın Macarıstandakı və Azərbaycandakı səfirləri Renatas Yuşka və Arturas Jurauskasın geri çağırılması məsələsinə baxılıb.
APA-nın “15min.lt” saytına istinadən verdiyi məlumata görə, komitə Litva xarici işlər naziri Linas Linkyaviçüsun səfirlərin geri çağırılması ilə bağlı təklifini qəbul etməyib.
Buna baxmayaraq, L. Linkyaviçüs bildirib ki, hökumətə səfirlərin tutduğu vəzifələrdən azad etməsi ilə bağlı təklif irəli sürəcək.
Qeyd edək ki, komitənin qərarı tövsiyə xarakterini daşıyır.
Xatırladaq ki, iyulun 8-də “YouTube” video xidmətinə iki Litva diplomatının telefon yazısı yüklənib. Söhbətin “Şərq Tərəfdaşlığı” proqramının siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatik nümayəndəliyində çalışan diplomat Renatas Yuşka arasında getdiyini güman edilir. Söhbət zamanı onlar Azərbaycan-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini qeyri-formal şəkildə bölüşüb, Litva parlamentində “Dağlıq Qarabağla dostluq qrupu”nun yaradılması ilə bağlı azərbaycanlıların və ermənilərin fəallaşmasını qeyd ediblər. R. Yuşka telefon söhbətində Dağlıq Qarabağın “Artsax” adlandırılmasını düzgün saydığını və bu məsələdə ermənilərin mövqeyini müdafiə etdiyini deyib.