Küveyt parlamentinin yeni sədri Azərbaycan səfirini qəbul edib
27 avqust 2013 20:07 (UTC +04:00)

Küveyt parlamentinin yeni sədri Azərbaycan səfirini qəbul edib

Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev Küveytin yeni seçilmiş parlamentinin sədri cənab Mərzuq Əl-Ğanim tərəfindən qəbul olunub. Səfirlikdən APA-ya verilən məlumata görə, səfir T.Rzayev Azərbaycan Milli Məclisinin sədri cənab Oqtay Əsədovun salamlarını və Küveyt Dövləti Parlamentinin Sədri vəzifəsinə seçilməsi münasibətilə təbriklərini qarşı tərəfə çatdırıb.

 

Daha sonra tərəflər Azərbaycan ilə Küveyt arasında güclü siyasi münasibətlərin mövcudluğunu etiraf edərək, əlaqələrin bütün spektri üzrə, o cümlədən, iqtisadi, ticarət, mədəni və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparıblar. Bu baxımdan, münasibətlərin hüquqi bazasının təşkil olunması məqsədilə artıq imzalanan ikitərəfli sənədlərin əhəmiyyətini vurğulayan hər iki tərəf sözügedən sənədlərdə öz əksini tapan müddəalarının səmərəli şəkildə həyata keçirilməsi üçün qarşılıqlı səfərlərin daha da intensivləşdirilməsinin mahiyyətinə xüsusi işarə edib.

 

Parlamentlərarası münasibətlərdən söz açan səfir T. Rzayev bildirib ki, Azərbaycan-Küveyt Parlamentlərarası Dostluq Qruplarının müxtəlif illərdə həyata keçirdikləri qarşılıqlı səfərlər böyük əhəmiyyətə malikdir. 

 

Öz növbəsində Mərzuq Əl-Ğanim Azərbaycan tərəfinin səmimi salamları və təbriklərinə görə dərin təşəkkürünü bildirərək, Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədovu Küveyt Dövlətinə rəsmi səfərə dəvət edib.

 

Daha sonra Dağlıq Qarabağ münaqişəsi haqqında həmsöhbətinə müfəssəl məlumat verən səfir T.Rzayev hazırkı münaqişənin yalnız ədalət prinsipləri əsasında həll olunmasının böyük əhəmiyyət kəsb etdiyini vurğuladı və sadalanan məqamlara əsaslanıb, Dağlıq Qarabağ məsələsində rəsmi Əl-Küveytin Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyi üçün təşəkkürünü bildirib. Eyni zamanda səfir T. Rzayev təəssüflə qeyd edib ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamənin qəbul olunduğuna baxmayaraq, heç bir əməli nəticə indiyə qədər əldə olunmayıb.   

 

Görüş zamanı dünyada baş verən son hadisələr və cərəyan edən proseslər haqqında tərəflər arasında fikir mübadiləsi aparılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634
avatar

Oxşar yazılar