Krım tatarlarının liderindən sərt xəbərdarlıq
10 iyun 2013 19:22 (UTC +04:00)

Krım tatarlarının liderindən sərt xəbərdarlıq

“Ukrayna Ali Radasında qeydiyyata alınan “erməni soyqırımı” haqqında layihə qəbul olunmayacaq. Qəbul olunsa belə, düşünürəm ki, prezidentin bunu imzalamamağa iradəsi çatacaq”. Bu sözləri APA-ya açıqlamasında Ukrayna Ali Radasının müxalifətçi “Batkivşina” (Vətən) fraksiyasından olan üzvü, Krım tatarlarının lideri Mustafa Cəmil deyib. O bildirib ki, belə bir qətnamə layihəsinin hazırlanması düşünülməmiş və əsaslandırılmamış bir addımdır: “Erməni soyqırımı barədə danışırıqsa, bununla bağlı əldə hüquqi əsas olmalıdır. Necə ki, yəhudilərin soyqırımı, yaxud, Ruandada baş verən kütləvi qətllərlə bağlı belə olub. Lakin 1915-ci ildə baş verən hadisələrlə əlaqədar məhkəmə filan olmayıb, aparılan elmi araşdırmalar nəticə verməyib. Əgər belədirsə, o zaman Xocalıda törədilmiş soyqırımla bağlı da qərar qəbul etmək lazımdır”.

 

M. Cəmil layihənin müəlliflərinin “bu sənədin qəbulunun Ukraynanın yarım milyonluq erməni əhalisini sevindirəcəyi” ilə bağlı fikirlərinə etiraz edib: “Bilmirəm bu, onları necə sevindirə bilər. Ukraynada yarım milyon yox, cəmi 40 min erməni yaşayır. Eyni zamanda Ukraynada ermənilərdən qat-qat artıq sayda türkdilli xalqlar yaşayır. Layihə müəllifləri anlamalıdırlar ki, layihənin qəbulu hansı təhlükəli hadisələrə gətirib çıxaracaq. Ukraynanın Azərbaycanla, Türkiyə və digər türkdilli ölkələri ilə əlaqələri korlana bilər. Belə bir qərarı qəbul etməzdən öncə hakimiyyət bu addımı yaxşıca düşünməlidir”.

 

Ali Radanın üzvü bəyan edib ki, layihənin müəlliflərindən biri olan Arsen Avakov onunla eyni fraksiyada (“Batkivşina”) təmsil olduğundan, onunla danışıqlar aparacaq: “Bildirəcəyəm ki, bu addım qəbuledilməzdir. Əgər fraksiya belə bir qərarı dəstəkləsə, mən bu fraksiyada qala bilmərəm. Eyni zamanda digər deputatlarla söhbət edib bildirəcəyik ki, bu addım Ukraynanın xarici siyasətinə zərbə vuracaq”.

 

M. Cəmil qeyd edib ki, Ukraynada yaşayan tatarlar da məsələyə öz etirazlarını bildirəcəklər: “Ən azı digər türkdilli xalqlarla birgə fəaliyyət nəticəsində çox şeyə nail olmaq olar. Bizim Ukrayna Azərbaycanlıları Konqresi və onun rəhbəri Rövşən Tağıyevlə yaxşı əlaqələrimiz var. Birgə işlərin koordinasiyası üçün səylər göstərilməlidir, xüsusilə əgər məsələlər bütün türkdilli xalqlara aiddirsə, daha fəal olmaq lazımdır. Təşkilatlar arasında əlaqələri sıxlaşdırmaq üçün tez-tez görüşmək lazımdır və öz maraqlarımızı qorumaq üçün birgə addımlar atmalıyıq”.

 

M. Cəmil onu da əlavə edib ki, əgər layihə qəbul edilərsə, türkdilli xalqların birgə kütləvi aksiyası istisna olunmur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2123
avatar

Oxşar yazılar