XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 12-də Azərbaycan Respublikasının Kamboca Krallığındakı səfiri Anar İmanov etimadnaməsini bu ölkənin Kralı Norodom Sihamoniyə təqdim edib.
Görüşdə səfir Anar İmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Kamboca Kralına çatdırıb. Səfir ölkəmizin Kamboca ilə münasibətlərin inkişafına önəm verdiyini bildirərək, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi üçün potensialın olduğunu və bu əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Kamboca Kralı Norodom Sihamoni prezident İlham Əliyevin salamlarına və xoş arzularına görə təşəkkür edərək, öz salamlarını və xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib. O, Anar İmanovu Azərbaycan Respublikasının Kambocadakı səfiri təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Norodom Sihamoni ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu bildirib.
Daha sonra səfir Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasəti haqqında məlumat verib və münaqişə ilə bağlı beynəlxalq təşkilatlarda Kamboca tərəfinin Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü ifadə edib.
Həmçinin görüşdə səfir Anar İmanov Azərbaycanın sosial-iqtisadi inkişafından söhbət açıb, ölkəmizin iştirakı ilə regionda həyata keçirilən infrastruktur layihələri, enerji sahəsində qazanılmış nailiyyətlər və qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülmüş işlər barəsində məlumat verib.