“Bu gün Azərbaycan artıq başqa ölkələrin iqtisadiyyatına sərmayə qoyuruq”
Bunu bu gün prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, bu ilin 6 ayının göstəricilərinin müsbət olduğunu, qarşıda duran bütün vəzifələrin uğurla icra edildiyini bildirən dövlət başçısı deyib ki, bu göstəricilər ilin sonuna kimi müsbət dinamikanın qorunacağını deməyə əsas verir.
Prezident İlham Əliyev qeyd edib ki, bu ilin birinci yarısında ümumdaxili məhsul (ÜDM) 5 faiz, qeyri-neft sektoru təxminən 11 faiz artıb. Onun sözlərinə görə, əsas hədəf qeyri-neft sektorunun inkişaf etdirilməsidir və bu istiqamətdə çox ciddi uğurlar qazanılıb. Qeyri-neft sektorunda gedən proseslər iqtisadiyyatın inkişafının ümumi təzahürüdür: “Bu ilin 6 ayı ərzində kənd təsərrüfatı sahəsində 5 faiz artım əldə olunub. Ölkə iqtisadiyyatına qoyulan sərmayələr xeyli artıb. Xarici investorların Azərbaycana inamı ölkənin ümumi inkişafını əks etdirir. 12,6 milyard dollar səviyyəsində qoyulan sərmayə çox gözəl göstəricidir. Əgər bu temp saxlanıla bilsə, ilin sonuna qədər ölkə iqtisadiyyatına qoyulan sərmayənin miqdarı 25 milyard dollara çatacaq”.
Dövlət başçısı bildirib ki, hər qoyulan vəsait ölkə iqtisadiyyatına xidmət edir, yeni iş yerləri açılır, ölkənin qüdrətini artırır: “Bu gün Azərbaycan artıq başqa ölkələrin iqtisadiyyatına sərmayə qoyur. Bu da müasir Azərbaycanın üstünlükləridir. Avropanı, ümumən dünyanı böhranın bürüdüyü son illər xarici ölkə iqtisadiyyatlarına qoyulan vəsait göstərir ki, biz doğurdan da böyük imkanlara malikik. Biz özümüzü rahat, əmin hesab edirik. Bizim iqtisadi imkanlarımız və siyasi addımlarımız bir-biri ilə bağlıdır. Xarici bazarlara gələcəkdə nə qədər çox investisiya qoysaq, bizim siyasi çəkimiz də bölgədə və dünyada o qədər artacaq”.
Prezident İlham Əliyev valyuta ehtiyatlarımızın gündən - günə artdığını və 48 milyard dolllardan çox olduğunu söyləyib. O qeyd edib ki, ölkədə aparılan islahatlar dünyanın aparıcı maliyyə qurumları tərəfindən də təqdir olunur. Bu islahatlar güclü sosial siyasətlə tamamlanır: “Ona görə də hətta böhranlı illərdə Azərbaycan əhalisinin gəlirləri artıb, manatın məzənnəsi sabit qalıb. 6 ayda əhalinin pul gəlirləri 7 faizdən çox artıb, inflyasiya cəmi 2 faiz olub. Maaşlar da artım var. Orta maaş 520 dollar, orta pensiya 200 dollar səviyyəsindədir”.
Prezident İlham Əliyev bildirib ki, ölkəmizin bölgələri də sürətli inkişaf dövrünü yaşayır, rayonlar, kəndlər abadlaşır, böyük sənaye müəssisələri yaradılır, işsizliyin səviyyəsi azalır. Bu ilin sonunda başa çatacaq regionların inkişafı üzrə ikinci Dövlət proqramı, eyni zamanda, Bakı və ətraf qəsəbələrin inkişafı proqramı uğurla icra edilir.
Xarici siyasətdə atılan uğurlu addımlardan danışan Prezident İlham Əliyev son altı ay ərzində beynəlxalq təşkilatlarla əməkdaşlığa da böyük diqqət yetirildiyini söyləyib. Dövlət başçısı müxtəlif beynəlxalq tədbirlərdə iştirakı və görüşlərini xatırladıb və bildirib ki, son bir il ərzində anti-Azərbaycan, ermənipərəst, ölkəmizin uğurlu inkişafını qəbul edə bilməyən qüvvələr fəaliyyətlərini gücləndiriblər: “Və bu da təbiidir. Çünki ölkənin müstəqil siyasəti, daxildəki sabitlik, xoş əhval-ruhiyyə heç də onları qane edə bilməz”. Avropa İttifaqına səfərinin xüsusi əhəmiyyət daşıdığını deyən dövlət başçısı bu səfərin müsbət nəticələrini, səfər zamanı bir çox məsələlərin müzakirəsi üçün yaxşı imkanlar yarandığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev ötən yarım ildə Azərbaycanın enerji siyasətini də uğurla davam etdirdiyini bildirib. Dövlət başçısı ötən ay Bakıda keçirilən hərbi parada da toxunub və vurğuladı ki, bu parad ordu quruculuğu sahəsində görülən işlərin hesabatı olmaqla yanaşı, Azərbaycan Ordusunun qüdrətini bir daha göstərib.
Sonra maliyyə naziri Samir Şərifov, kənd təsərrüfatı naziri İsmət Abasov, nəqliyyat naziri Ziya Məmmədov çıxış edərək ilin birinci yarısında görülmüş işlər barədə dövlətimizin başçısına məlumat veriblər.
İclasa yekun vuran prezident İlham Əliyev ölkədə maaş və pensiyaların artımı nəzərə alınaraq makroiqtisadi sabitliyə böyük diqqət yetirilməsinin vacibliyini bildirib. Azərbaycan prezidenti dövlət büdcə xərclərinin, sosial ödəmələrin, maaşların, pensiyaların artması, investisiya layihələrinin icrası, sovet dövründən banklarda qalan əmanətlərin qaytarılması fonunda inflyasiyanın aşağı səviyyədə saxlanılmasını böyük uğur adlandırıb. Regionların inkişafı üzrə ikinci Dövlət Proqramının, həmçinin Bakı və ətraf qəsəbələrin inkişafı proqramının uğurla icra olunduğunu diqqətə çatdıran prezident İlham Əliyev növbəti aylarda regionlarda kənd yollarının tikintisinin davam etdirilməsinə böyük diqqət göstəriləcəyini vurğulayıb. Dövlət başçısı Bakı-Tiflis-Qars dəmir yolunun, Xəzərdə ən böyük dəniz limanının tikintisinin də uğurla davam etdirildiyini söyləyib. Prezident İlham Əliyev sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, meliorasiya, sənayeləşmə, içməli su, kanalizasiya, enerji, qazlaşdırma layihələrinin icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələrdən də danışıb.
Prezident İlham Əliyev Azərbaycan əhalisinin korrupsiyaya qarşı mübarizə ilə bağlı atılan addımları dəstəklədiyini bildirib. “ASAN xidmət”in fəaliyyətini xüsusi vurğulayan dövlətimizin başçısı əhali arasında qısa zaman ərzində rəğbət qazanan bu xidmətin şəbəkəsinin genişlənəcəyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev növbəti aylarda qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün tapşırıqlarını verib.