Hikmət Hacızadə: “…Başıaşağı gedib biabır olacağıq”
15 iyun 2013 23:21 (UTC +04:00)

Hikmət Hacızadə: “…Başıaşağı gedib biabır olacağıq”

Müsavat Partiyasının üzvü, politoloq Hikmət Hacızadə növbəti prezident seçkilərində baş nazirin keçmiş müavini Abbas Abbasovun Milli Şuranın namizədi olacağını real hesab etmir.

 

Hacızadə “Bizim yol” qəzetinə verdiyi müsahibədə bildirib ki, A. Abbasovun gəlişi yalnız xaos yaranacağı halda mümkündür: “Xaosun yaranması da çətindir, gərək gərginlik yüksək həddinə çatsın. Mən bilirəm ki, hərəkatçılar onu istəmir, o cümlədən dindarlar da”.

 

O, Milli Şuranın Abbas Abbasovu namizəd kimi dəstəkləməsinin də mümkün olmadığını bildirib: “Heç vaxt bu mümkün deyil. Nə vaxta qədər Müsavat Partiyası Milli Şuradadır, dediyiniz təklif keçə bilməz”.

 

H. Hacızadə deyib ki, yalnız İsa Qəmbər vahid namizəd olsa, Milli Şura da olacaq. Onun sözlərinə görə, əks halda Milli Şura dağılacaq, vahid namizəd də olmayacaq: “İsa Qəmbər heç olmasa hərəkatın, ölkənin namusunu, qeyrətini qoruya biləcək, imkan verməyəcək ki, biabır olaq. Bunu dəqiq deyirəm, biabırçılıq olmayacaq, hansısa ən azı mənəvi qələbə olacaq. Hansı ki, başqa namizədlər haqqında bu fikirləri deyə bilmərəm. O da böyük şeydir, yəni satılmadıq, qorxmadıq, etiraz etdik. Nəyi bacarıb, bacarmamağımız ikinci sualdır, ancaq millətin vicdanı və namusunu gələcək üçün qorumaq lazımdır”.

 

H. Hacızadə Milli Şurada olmamasına da aydınlıq gətirib: “İki səbəbdən Milli Şuraya üzv deyiləm: birinci, Müsavat Partiyası qurumdadır, üzvlərinin də kvotası var, onlar səs verir, mən də dəstəkləyirəm. İkinci, mən çoxlu adamın olduğu iclaslarda özümü pis hiss edirəm, əsəblərim dözmür, çünki elə savadsız adamlar danışır ki, dözə bilmirəm. Ona görə iclaslarda dekorasiya kimi otura bilmirəm. Əgər yazı işi olsa, mən hazıram”.

 

H. Hacızadə hüquq müdafiəçisi Leyla Yunusun Rüstəm İbrahimbəyovu “ən şanslı namizəd” adlandırması ilə də razılaşmayıb: “ Leyla xanıma böyük hörmətim var, amma siyasi baxımdan zəifdir. Ona elə gəlir ki, “kulturnu” adamların hamısı Rüstəm İbrahimbəyovu sevir və onun kimidirlər. Həmin “kulturnu” adamlar “kuxna”da oturacaq, Rüstəm İbrahimbəyov da gedib onlar üçün qələbə çalacaq. Leyla Yunus elə bilir ki, hamı Rüstəm İbrahimbəyova səs verəcək. Əvvəla, hamı Rüstəm İbrahimbəyova səs verməyəcək, ikinci, “kuxna”dan çıxıb səsləri müdafiə etmək lazımdır. Həmin intelegentlər “kuxna”dan çıxacaqlarmı? Yox! Onların fikirləri Polşaya, Estoniyaya gedib, Azərbaycanda elə şey yoxdur, çünki küçəyə çıxan etirazçıları döyürlər. Bəli, bəlkə biz Bolqarıstanda olsaydıq, Leyla Yunusun dediyi plan həyata keçərdi, amma Azərbaycan tamam başqa siyasi məkandır. Əgər hərəkatdan namizəd olmasa, minlərlə hərəkatçı seçkidə fəal olmayacaqlar, onlar da Leyla Yunus kimi “kuxna”da oturacaqlar. Kim meydana çıxacaq, kim həbs olunmağa razı olacaq, heç kim. “EL” hərəkatı var, bir dəfə tənqid etmişəm, məndən küsüblər, adlarını ümumxalq hərəkatı qoyublar, amma qərargahlarından çıxartdılar, kim gəldi müdafiə etməyə? İkinci qərargahlarından da çıxartdılar, kim tərpəndi, bəs harda qaldı hərəkat? Bilirsiniz, real qüvvə “kuxna”da deyil, Hikmət Hacızadənin məqaləsiylə heç nə dəyişmir, gərək Rəşadət Axundov, Zaur Qurbanlı kimilər meydana çıxsın. Amma “kuxna”da belə adamlar yoxdur. Bir daha deyirəm, hərəkatdan namizəd olmasa, hərəkatçılar onu dəstəkləməyəcək. Kim dəstəkləyəcək, Leyla Yunus, sonra...”

 

 

H. Hacızadə “El” hərəkatınının elektoratı olmadığını da deyib: “Əgər “EL” hərəkatının gücü olsaydı, Eldar Namazovu asanlıqla qərargahından çıxartmazdılar, mən bunu deyəndə, küsürlər. Bəs hanı el-oba? El-oba fikirləriylə beyinlərində gözəl mənzərə yaranıb, çox “qulturnu” adamlardır, hərəkatçılar isə “çuşka”dır, Natiqlə, Hikmət bir sırada gedir, xalq hay-küydən yorulub və “kulturnu”lar gəlib hər şeyi qaydaya salıb İbrahimbəyova səs verəcəklər, sonra gedəcəklər filarmoniyada dondurma yeməyə. Heç kim sizlərə dondurma verməyəcək. Təəssüf ki, ictimai fikirdə yanlışlıq yaranıb, hansı ki, əvvəlcədən bu məsələləri müzakirə etmək lazımdır, yoxsa, başıaşağı gedib biabır olacağıq”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1163
avatar

Oxşar yazılar