“Azərbaycan Respublikası prezidentinə İrana səfər etdiyinə görə minnətdarlığımı bildirirəm. İlham Əliyev ilə ilk görüşüm Davos forumu çərçivəsində olub. Həmin görüşdə biz mühüm qərarlar qəbul etdik. Bu gün həm geniş tərkibdə, həm də təkbətək keçirdiyimiz görüşlərdə hər iki ölkəni maraqlandıran bütün məsələləri nəzərdən keçirdik”.
APA-nın İran prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
İran prezidenti deyib ki, bu gün iki ölkə arasında əlaqələrin inkişafı üçün heç bir maneə yoxdur: “Azərbaycan Respublikası və İran İslam Respublikası iki yaxın qonşu, dost, qardaş və həmməzhəb bir ölkədir. İki ölkə arasındakı səmimi münasibətlər həm xalqlarımızın, həm də regionda sabitliyin və inkişafın xeyrinədir”.
H. Ruhani iki ölkənin rəsmiləri arasında keçirilən müzakirələrə də toxunub: “Biz iki ölkə arasında iqtisadi məsələlər, xüsusilə neft, neft-kimya, elektrik enerjisi, su və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün fikirlərimizi bölüşdük. Bu gün imzalanmış sənədlərdən əlavə, bugünkü görüşümüz və apardığımız danışıqlar nəticəsində gələcəkdə əlaqələrimizin daha geniş və hərtərəfli inkişafı üçün geniş müstəvi yaratdıq. Biz iki ölkə xalqlarının mədəni əlaqələrinin inkişaf etdirilməsi üçün gediş-gəlişin daha da yaxşılaşdırılması istiqamətində lazımi addımlar atılması barədə razılığa gəldik. Eyni zamanda hər iki ölkənin İslam və məzhəbə baxışları eynidir və İslamın vasitə kimi ekstremist hərəkətlərdə istifadə olunmasını region üçün təhlükə hesab edirik. Ona görə də regionda sabitliyin qorunması üçün mötədillik və terrorizmlə mübarizədən başqa yolumuz yoxdur”.
İran prezidenti vurğulayıb ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı keçirilən müzakirələr və bu sahədə əməkdaşlıq barədə də fikir mübadiləsi aparılıb: “Hər iki tərəf hesab edir ki, bu məsələdə yekun qərarın qəbul olunması üçün bizi uzaq yol gözləmir. Bizim qlobal məsələlər və beynəlxalq təşkilatlarda əməkdaşlıqla bağlı fikirlərimiz də eynidir. Azərbaycan prezidenti İran İslam Respublikasının dinc məqsədli nüvə texnologiyasından istifadə hüququnu dəstəkləyir. Biz Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, regiondakı bütün problemlərin beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar və ədalət çərçivəsində öz həllini tapmasının tərəfdarıyıq. Bölgəmizdə coğrafi sərhədlərin dəyişdirilməsi bizim nəzərimizdə qəbuledilməzdir. Biz belə oxşar məsələlərin danışıqlar və sülh yolu ilə həll olunmasına çalışmalıyıq. Mən İlham Əliyevə Azərbaycan Respublikasına səfərə dəvət etdiyinə görə təşəkkürümü bildirirəm və çox böyük məmnuniyyətlə qəbul edirəm. İnşallah, münasib vaxtda dost və qardaş olan Azərbaycan Respublikasını səfər edəcəyimə ümidvaram. Mən hər iki ölkənin xalqlarına - həm İran, həm də Azərbaycan xalqına inkişaf, səadət və tərəqqi arzulayıram”.