Bakı İstintaq Təcridxanasında saxlanan «Azad Gənclik» Təşkilatının üzvü İlkin Rüstəmzadənin səhhətində problemlər yaranıb.
Bunu Azadlıq Radiosuna «Azad Gənclik» Təşkilatının üzvü Ülvi Həsənli deyib: ”İyulun 6-da İlkin Rüstəmzadə mənimlə telefon əlaqəsi saxladı. Dünəndən qızdırmasının düşmədiyini dedi. Həm də onurğasında problem yaranıb. Həkimlər onu müayinə edib, bir həftə sonraya əməliyyat təyin ediblər”.
İyulun 6-da İlkin Rüstəmzadənin vəkilləri ona baş çəkib.
Vəkil Nemət Kərimli bildirib ki, İlkin Rüstəmzadə iyulun 11-də əməliyyat olunacaq: «Mən onun mülki xəstəxanada əməliyyat olunması üçün iyulun 8-də Penitensiar Xidmət İdarəsinə müraciət edəcəyəm».
Penitensiar Xidmət İdarəsinin sözçüsü Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, təqsirləndirilən şəxslərin və məhkumların müayinəsi və müalicəsini Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi həyata keçirir:
«İdarənin yüksək ixtisaslı kadrları və tibbi avadanlıqları var. Eyni zamanda qanun təqsirləndirilən şəxslərin ödənişli tibb ocaqlarına müraciət edə bilməsinə də yol verir».
İlkin Rüstəmzadə mayın 17-dən həbsdədir. O, Youtube-da yerləşdirilən «Hаrlem Shake» videosunu hazırlamaqda təqsirləndirilir. Prokurorluq ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürüb.