Gürcüstanda Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi qeyd edilib
26 iyun 2013 01:33 (UTC +04:00)

Gürcüstanda Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi qeyd edilib

İyunun 25-də Gürcüstan paytaxtında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə Azərbaycanın Gürcüstandakı səfirliyinin və hərbi attaşe aparatının təşkilatçılığı ilə rəsmi qəbul keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycanın himni səsləndirildikdən sonra tədbirdə çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin Gürcüstandakı hərbi attaşesi, polkovnik-leytenant İlham Əkbərov  1918-ci ilin iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldığını bildirib. İ.Əkbərov çıxışında Azərbaycan səfirliyinin və attaşe aparatının dəvəti ilə tədbirdə iştirak edən qonaqlara və Gürcüstanda akkreditə olunan hərbi attaşelərə, rəsmi şəxslərə təşəkkür edib. “Bu gün Azərbaycan prezidentinin və ordumuzun Ali Baş Komandanının səyi nəticəsində silahlı qüvvələrimiz müasir hərbi texnikalarla təchiz edilib. Ordumuz təhsilli və yüksək təlim görmüş hərbi qulluqçularla təmin edilib. Biz hal-hazırda Gürcüstanla eyni regionda yaşayır və  Azərbaycan və Gürcüstanın eyni problemləri mövcuddur. Hər il Azərbaycan və Gürcüstan Silahlı Qüvvələri birgə əməkdaşlıqlarını daim inkişaf etdirirlər. Biz dövlətimizin müstəqilliyini və regionun təhlükəsizliyini qorumaq naminə həmişə hazırıq. Biz hər iki dövlətin silahlı qüvvələrinin müvəffəqiyyəti və yeni-yeni uğurları üçün həmişə sevinirik”.

Çıxışdan sonra bir daha tədbir iştirakçılarına təşəkkürünü bildirən hərbi attaşe, polkovnik-leytenant İlham Əkbərov hamını Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə təşkil olunan ziyafətə dəvət edib. Ziyafət zamanı tort kəsilib, müxtəlif təamlardan ibarət süfrə açılıb.

Tədbirdə Gürcüstan Müdafiə Nazirliyinin rəsmiləri, Gürcüstanda akkreditə olunan hərbi attaşelər, qonaqlar və Gürcüstanın yeni hakimiyyətinin rəsmi şəxsləri, diplomatik korpus nümayəndələri, azərbaycanlı və gürcü ziyalıları, parlamentin deputatları, Azərbaycan səfirliyinin və ARDNŞ-in Gürcüstan nümayəndəliyinin əməkdaşları, QHT rəhbərləri və azərbaycanlıların kompakt yaşadığı bölgələrdən və Tiflisdən gələn soydaşlarımız, eyni zamanda media nümayəndələri iştirak ediblər.

Gürcüstan Müdafiə Nazirinin müavini Tamara Karusanidze jurnalistlərə açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edib: “Mən çox istərdim ki, bu əlamətdar gün münasibətilə Azərbaycan xalqını təbrik edim. Bu gün azərbaycanlılar üçün ən vacib bir gündür. Azərbaycanlılar bizim dostumuzdur. Mən böyük məmnuniyyətlə Gürcüstanın Müdafiə Naziri adından bu gün münasibətilə Azərbaycan xalqını təbrik edir və gələcəkdə daha böyük üğurlar arzulayıram. Ölkələrimiz həm müdafiə sahəsində, həm də digər sahələrdə daha sıx əməkdaşlıq edirlər. Mən ümidvaram ki, Azərbaycan ordusu gələcəkdə daha güclü olacaq və öz ölkəsini müdafiə etmək gücünə malik olacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757
avatar

Oxşar yazılar