Azərbaycanda səfərdə olan Gürcüstanın işğal olunmuş ərazilərindən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvelidze Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşüb. Bu barədə Lent.az-a Milli Məclisdən məlumat verilib.
Z. Əsgərov bildirib ki, həm Azərbaycan, həm də Gürcüstan ikitərəfli münasibətlərin inkişafına böyük önəm verirlər. Hər iki ölkə müstəqillik əldə etdikdən sonra münasibətlər yüksələn xətlə inkişaf edib. Xalqlarımız qədim tarixi kökləri olan əlaqələrə malikdirlər və bu gün ölkələrimiz müstəqil dövlətlər kimi müstəqil siyasət yürüdürlər.
Z. Əsgərov qonaqlara Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı uğurlar barədə məlumat verib, ölkədəki qaçqın və məcburi köçkünlərin vəziyyətindən danışıb. Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizindən çoxu təcavüzkar Ermənistan tərəfindən işğal olunub, bir milyondan çox insan doğma yurd-yuvalarından didərgin düşüb.
D. Daraxvelidze Azərbaycanda keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib, ölkəmizdə məcburi köçkünlərin və qaçqınların yaşadıqları məntəqələrdə insanlarla söhbətlərindən aldığı təəssüratları bölüşüb. Bildirilib ki, Gürcüstanda da məcburi köçkünlər problemi mövcuddur və dövlət bu məsələnin həllinə çalışır. Qonaq həm Gürcüstanda, həm də Azərbaycanda regional münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb.
Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.