Mediada yayılan məlumata görə, sabiq millət vəkili Gülər Əhmədovanın son məhkəmə prosesi zamanı onun həbsinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı 3 deputat - İlyas İsmayılov, Fazil Mustafa və Qüdrət Həsənquliyev məhkəməyə müraciət edib.
Lent.az-ın məlumatına görə, adı çəkilən millət vəkillərindən biri - Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında bildirib ki, G. Əhmədovanın ailəsi tərəfindən ona müraciət edilib: “Şəxsən mənə müraciət olunmuşdu. Himayəsində uşaqlarının olmasını, səhhətindəki problemləri nəzərə alanda istintaqa və məhkəməyə humanist şəkildə müraciət etdik. İstintaq müddətində həbsinin ev dustaqlığı ilə əvəzlənməsini daha məqsədəuyğun hesab edirik”.
Milli Məclisin üzvü, BAXCP-nin sədri Qüdrət Həsənquliyev isə Lent.az-a açıqlamasında bildirib ki, ona G. Əhmədovanın ailəsi tərəfindən müraciət olunmayıb: “Nə mənə belə bir müraciət olub, nə də mən belə bir sənədə imza atmışam”.
Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov G. Əhmədovanın ailəsi tərəfindən ona müraciət olunduğunu təsdiqləyib. O, Lent.az-a açıqlamasında bildirib ki, sabiq deputatın vəkili Raqif Mustafayev G. Əhmədovanın ailəsinin məktubunu ona təqdim edib. “Həmin məktubda qeyd olunurdu ki, Gülər Əhmədovanın səhhətində ciddi problemlər var. Mən də ona görə, həmin müraciətə imza atmışam” - deyə, İ. İsmayılov əlavə edib.
İ. İsmayılov onu da vurğulayıb ki, G. Əhmədovanın günahı varsa, bu, məhkəmə tərəfindən sübuta yetirməlidir.