Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) Gənclər Qolunun Malayziyada keçirilən idarə heyətinin iclasında iştirak edib. Lent.az-ın məlumatına görə, R. Məmmədov keçirilən səsvermə nəticəsində qurumun birinci vitse-prezidenti seçilib. Malayziyaya səfər çərçivəsində Ramin Məmmədov Malayziya hökumətinin naziri, ICAPP Gənclər Qolunun sədri Dato Şeridan Kassim ilə görüşüb. Görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərin gələcək perspektivləri, bu istiqamətdə gənclərin rolu, Azərbaycanın regionda və dünyada artan nüfuzu, təsir imkanları və s. məsələlər haqqında geniş fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, hazırda 52 ölkədən 340-dan artıq siyasi partiyanın cəmləşdiyi İCAPP 2000-ci ildə yaradılıb. Qitənin ən nüfuzlu təşkilatının yaradılmasında əsas məqsəd Asiya regionunun müxtəlif partiyaları və müstəqil qurumları arasında dialoq və əlaqələndirmə forumu funksiyasını yerinə yetirməkdir. Təşkilatın Daimi Komitəsinin 22 üzvündən biri olan YAP qurumun işlərində fəal iştirak edir. İCAPP-ın Daimi Komitəsinin 18-ci iclası, təşkilatın 7-ci Baş Assambleyasının və qurumun Qadınlar Qolunun ilk iclası Bakıda təşkil olunub. Bundan başqa, YAP Gənclər Birliyi 2013-cü ilin avqust ayında İCAPP-ın Gənclər Qolunun II Forumuna ev sahibliyi edib.