Fransa səfiri: ”Biz güclü və müstəqil Azərbaycanı dəstəkləyirik”
15 iyul 2013 10:27 (UTC +04:00)

Fransa səfiri: ”Biz güclü və müstəqil Azərbaycanı dəstəkləyirik”

“İyulun ikinci yarısında Parisdə Fransa və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçiriləcək”


 

Fransanın Azərbaycandakı səfiri Paskal Monyenin Fransanın Milli Bayramı – Bastiliyanın Alınması Günü münasibətilə APA-ya müsahibəsi

 

- Hörmətli səfir, Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin indiki səviyyəsini necə dəyərləndirirsiniz? Bu münasibətlər ölkələrimiz arasında diplomatik münasibətlər qurulduqdan keçən 20 il ərzində nə qədər uğurla inkişaf edib?

 

- Fransa Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olub və daha dəqiq qeyd edə bilərik ki, Türkiyədən sonra ikinci ölkədir. Azərbaycan prezidentinin ilk səfərini Fransaya etməsi bir ənənəyə çevrilib. Heydər Əliyev prezident seçildikdə Fransaya səfər etmişdi, hazırkı prezident İlham Əliyev də prezident seçildikdə belə edib. Fikrimcə, bu, Fransa ilə Azərbaycan arasında uzunmüddətli dostluq ənənələrinin mövcudluğunu sübut edir.

 

Fransa Azərbaycanın regionda stabillik və tolerantlıq nöqteyi-nəzərindən mühüm rol oynadığının fərqindədir. Bu rol müxtəlif təşkilatlar, məsələn UNESCO, İSESCO və s. tərəfindən də qeyd edilir. Biz fransızlar üçün bu, çox vacib məqamdır. Fransa əhalisinin 10 faizini müsəlman icması təşkil edir və biz ölkəmizin müsəlman icması ilə Azərbaycanın müsəlman icması arasında dialoqu həvəsləndiririk. Bordo məscidinin imamı Tarek Ubru artıq iki dəfə Azərbaycana səfər edib və Bordoda Azərbaycan nümayəndələrinin iştirakı ilə seminar keçirib. Bu seminarda Azərbaycanın tolerantlıq sahəsində əldə etdiyi nailiyyətlər haqqında danışılıb. Bu, Azərbaycanın dünyaya verdiyi pozitiv mesajdır.
 

Fransa özünü Azərbaycanın dostu hesab edir, baxmayaraq ki, ölkələrimizi 4000 kilometr məsafə ayırır və Dağlıq Qarabağ münaqişəsini azərbaycanlılar çox tez-tez Fransızların azərbaycana qeyri-dost münasibətinin mənbəyi kimi qəbul edirlər. Lakin deyə bilərəm ki, bu, heç də belə deyil. Fransa Minsk Qrupunun həmsədri səlahiyyətləri çərçivəsində bu uzunmüddətli və ağrılı məsələnin sülh yolu və davamlı şəkildə həllini tapması üçün fəal rol oynayır.

 

Fransanın Azərbaycanla həm ikitərəfli müstəvidə, həm beynəlxalq təşkilatlar çərçivəsində yaxşı və konstruktiv diplomatik münasibətləri formalaşıb. Biz ölkənizin BMT Təhlükəsizlik Şurasında Suriya və İranla bağlı qətnamələrə verdiyi dəstəyi yüksək qiymətləndiririk. Biz güclü və müstəqil Azərbaycanı dəstəkləyirik.

 

- Azərbaycanla Fransa arasında iqtisadi əməkdaşlıq və energetika sahəsində əməkdaşlıq necə inkişaf edir?

 

- Fransanın energetika şirkətləri Azərbaycanda geniş təmsil olunublar. İqtisadiyyat sahəsində TOTAL kimi böyük şirkət var. “Şahdəniz II” konsorsiumunda sərmayədar kimi təmsil olunan TOTAL Azərbaycan hökuməti tərəfindən “Abşeron” yatağının işlənməsi üçün operator qismində seçilib, bu isə böyük məsuliyyət deməkdir. Ümumiyyətlə, energetika sahəsi Fransada həlledici fəaliyyət sahəsidir və biz dünyanın ən yaxşı mühəndis hazırlayan tədris müəssisələri arasındayıq. Yeri gəlmişkən, bu yaxınlarda Avropada neft və qaz sahəsində mühəndis hazırlanmasına dair ən yaxşı tədris müəssisələrindən olan Fransa Neft İnstitutunun rəhbəri Bakıya səfər edərək Bakı Ali Neft Məktəbi ilə qarşılıqlı anlaşma Memorandumu imzalayıb. 

 

Düşünürəm ki, Fransa sənayesi diversifikasiya sahəsində Azərbaycanın ehtiyacları üçün faydalı ola bilər. Bizim nəqliyyat sahəsində yaxşı infrastrukturumuz var və fransız şirkətləri Azərbaycanda müvafiq layihələrdə iştirak etməyə hazırdırlar. Fransa sənayesi metro tikintisinin bütün seqmentlərində - tikinti işlərində, platformaların və siqnal sistemlərinin qurulmasında, dəmir yollarının müasirləşdirilməsində geniş təmsil olunur. Biz beynəlxalq rəqabət mühitindəyik, müsbət cəhətlərimiz çoxdur və ümid edirik ki, Fransa şirkətləri qalib gələcəklər.

Fransa sənayesi həm də mühüm şirkət olan “Systra” tərəfindən təmsil olunur. Bu şirkət Azərbaycan tərəfindən seçilib və Çex Respublikası və Koreya şirkətləri ilə birgə Bakı Metropoliteninə mühəndislik işində, metro şəbəkəsinin genişləndirilməsi layihəsində və tender sənədlərinin hazırlanmasında yardım edir. Fransız şirkətləri həm də Azərbaycan Dövlət Dəmir Yollarının müasirləşməsi prosesində, həmçinin Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin siqnal sisteminin müasirləşməsində və lokomotivlərin ən müasir standartlarla tamamlanmasında iştirak etməkdə maraqlıdırlar.

 

Bizim şirkətlər şəhər nəqliyyatı və dəmir yolu ilə yanaşı, hava nəqliyyatı sahəsində də təmsil olunur. Bildiyiniz ki, AZAL bu yaxınlarda yeni və uzun məsafəni qət edən “Airbus A340” təyyarəsi alıb. Bu da mənim üçün Fransanın Azərbaycana marağının bir hissəsidir. Turizm, kənd təsərrüfatı, mehmanxana tikintisi ilə bağlı üzərində işlədiyimiz daha bir neçə layihə var. Fransanın memarlıq, mehmanxanalar tikintisi sahəsində yaxşı təcrübəsi var. Buna görə də Fransa şirkətlərinin buraya gəlməsi üçün çalışıram.

 

- Azərbaycanla Fransa arasında ticarət dövriyyəsinin həcmi nə qədərdir?

 

- Bizim ticarət dövriyyəmiz o qədər də yüksək deyil. Biz Azərbaycana cəmi 160 milyon avro həcmində məhsul ixrac edirik ki, bu da bizim potensialımıza və 1,7 milyard həcmində etdiyimiz idxala nəzər salan zaman aşağı göstəricidir. Lakin hazırkı ilin göstəriciləri ilk 5 ay üçün 184 milyon avroluq satış vəd edir və bu da 3 il ərzində Azərbaycana ixrac olunan Fransa məhsullarının və xidmətlərinin həcmini 1,5 milyard avroya çatdırmağa dair hökumətim qarşısında üzərimə götürdüyüm öhdəliyə uyğun gəlir. Bu, irəliyə doğru böyük sıçrayış olardı. 

 

- “Şahdəniz” konsorsiumunun Azərbaycan təbii qazının Avropaya nəqli üçün layihə seçimi qərarını necə şərh edə bilərdiniz?

 

- Bəli, seçim TAP layihəsinin lehinə edildi. Bu, çox mühüm qərar idi, Cənub dəhlizi layihəsinin reallaşması istiqamətində böyük addım idi. Düşünürük ki, bu, iqtisadi cəhətdən əsaslandırılmış qərardır, çünki konsorsiumun səhmdarları özəl şirkətlərdir. Bu qərar tam da olmasa, əsasən iqtisadi faktorlara əsasən qəbul olunub, bu səbəbdən TAP ən uğurlu seçim idi. Düşünürəm ki, Fransa hökuməti bu qərardan məyus ola bilməz, çünki Fransanın TOTAL şirkəti “Şahdəniz” konsorsiumunun səhmdarlarından biridir. Eşitmişəm ki, TAP Fransanın qaz alıcısı olan və İtaliyada təmsil olunan GDF Suez şirkətinə qazın nəqlində tərəfdaşlıq nöqteyi-nəzərindən layihəyə qoşulmağı təklif edib. TAP etibarlı tranzit yoludur. Ona görə də indi bizə “Şahdəniz”in ikinci mərhələsinin inkişafı üçün sərmayə yatırımına dair səhmdarların qərarını gözləmək qalır.

 

- Azərbaycan bu il Fransa şirkəti ilə əməkdaşlıq çərçivəsində kosmosa ilk peykini göndərib. Azərbaycanla Fransa kosmik sahədə daha necə əməkdaşlıq edə bilər? Bu sahədə əməkdaşlıq perspektivləri necədir?

 

- Bu, çox mühüm hadisə idi. Bu, mənim üçün tarixi hadisə idi, bunun nəticəsində Azərbaycan seçilmiş kosmos ölkələri klubu ilə bir sırada dayana bildi. Hazırda Azərbaycanın öz peyki var. Peyk amerikalı istehsalçı tərəfindən hazırlanıb, lakin planlara uyğun olaraq Fransa şirkəti tərəfindən uğurla orbitə çıxarılıb. Azərbaycan kosmosa ikinci rabitə peyki, həmçinin müşahidə peyki buraxmaq niyyətindədir. Bununla bağlı əlbəttə, rəqabət olacaq. Fransa kosmik sənaye sahəsində uzun tarixə malikdir. Fransanın kosmik sənaye sahəsində müxtəlif şirkətləri var, “Arianespace”, “Thales Alenia Space”, “EADS-Astrium” kimi şirkətlər bu sahədə dünya liderləridir. Onlar dünya bazarında fəal rəqabət aparırlar. Həm rabitə peykinin, həm müşahidə peykinin kosmosa çıxarılmasına dair tenderdə iştirak etməyə imkan verəcək texnologiyalarımız var. Bizim rəqiblərimiz ABŞ, İsrail, Koreya şirkətləridir. Bu, sərt rəqabətdir və mən Fransa şirkətlərini dəstəkləmək üçün əlimdən gələni edirəm. 
 

- Təhsil sahəsində hansı layihələr planlaşdırılır? Bu il Bakıda açılması planlaşdırılan fransız liseyinin fəaliyyəti barədə nə deyə bilərsiniz?

 

- Mənim üçün bu sahə də prioritetdir. Təhsil gələcəyə sərmayə qoymaqdır. Peşəkar kadr hazırlığı olmadan, bu cür əməkdaşlığı dəstəkləyəcək müxtəlif menecerlər, mühəndislər hazırlamadan sıx iqtisadi əməkdaşlıq qurmaq mümkün deyil.  Biz təhsil səviyyəsində üç mərhələdə çalışırıq – şagirdlərin hazırlığı, tələbələrin hazırlığı və peşəkar tədris.

 

Bu ilin sentyabr ayında Bakı İstedadlar Təhsil Kompleksində fransız liseyi açılacaq, bura üç yaşdan uşaqlar qəbul olunacaq. Biz 3-5 yaşlı uşaqlar üçün fransız müəllimlərin dərs deyəcəyi üç sinif açacağıq. 6-17 yaşlı uşaqlar üçün isə məsafəli tədris sistemi tətbiq olunacaq. Fransız müəllimlər uşaqlara tədris proqramını mənimsəməkdə kömək edəcəklər. Bu proqram əsasən Fransanın Milli Distant Təhsil Mərkəzinin (Centre national d'enseignement à distance, Cned) rəhbərliyi altında keçiriləcək. Bu, çox effektiv və bütün dünyada tətbiq olunan sistemdir. Mənim övladlarım da bu proqramlar üzrə təhsil alıblar. 3-5 yaşlı uşaqların təhsil alacağı siniflərdə illik təhsil haqqı 5500 manat, ibtidai siniflər üçün illik təhsil haqqı 6000 manat, orta təhsil sinifləri üçün illik təhsil haqqı isə 7000 manat olacaq. İndiyədək təhsillə bağlı 40 müraciət almışıq.

 

Səfirliyimiz həmçinin iyunda Fransa-Azərbaycan Universitetlərinin ilk forumunu keçirib. Forumda 12 fransız universiteti və Azərbaycan tərəfindən 170 tələbə iştirak edib. Forum çərçivəsində bir neçə saziş, o cümlədən Azərbaycan Diplomatik Akademiyası ilə Fransanın Science Po Lille ali müəssisəsi arasında saziş imzalanıb. Bu səpkidə olan forumun keçirilməsində məqsəd Fransada təhsil almağa həvəsləndirməkdir, belə ki, bizim çox tanınmış universitetlərimiz var. Bu isə öz növbəsində gənclərə Azərbaycandakı fransız şirkətlərində işlə təmin olunmaqda kömək edəcək. Çünki dil bilgiləri tələbələrə öz gələcək fəaliyyətlərində böyük üstünlüklər verir. Nəhayət, üçüncü məqsəd şirkətlərdəki orta menecment heyəti, fəhlələr və məmurlar üçün peşəkar treninqlərin təşkilidir.

 

- Turizm sahəsində əməkdaşlıq necə inkişaf edir?

 

- Turizm sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur və Fransa şirkətləri bura gələrək turizm sektorunda işləməyə maraqlıdırlar. Lakin bu sahədə yaxşılaşdırılması vacib olan üç element var. Turist operatorlarının dediyi kimi, böyük miqdarda turist cəlb etmək və turizm sektorunu inkişaf etdirmək istəyirsinizsə, vizanın alınması prosesi, qiymət siyasəti və mehmanxanaların təklif etdiyi xidmətlər məsələlərində maksimum rəqabət qabiliyyətli olmaq lazımdır. Ona görə də, biz xarici turistlərə göstərilən xidmətlərin keyfiyyəti sahəsində Azərbaycanla daha çox işləməyə qərar vermişik. Fikrimcə, peşəkar treninqlər keçirməklə Fransa bu məsələdə Azərbaycana kömək edə bilər. Azərbaycan gözəl ölkədir, lakin turistlər üçün kifayət qədər bahalı istiqamətdir, ona görə də xarici turistlər yüksək keyfiyyət tələb edirlər. Bundan başqa, bəzi Fransa şirkətləri Azərbaycanda ekoturizmə sərmayə yatırmaqda maraqlıdır. Beləliklə, potensial mövcuddur.

 

- Bundan əvvəl Bakıda Fransa-Azərbaycan Ticarət Palatasının yaradılması planları olduğunu qeyd etmişdiniz. Bu istiqamətdə işlər necə gedir?

 

- Bu, hələ də mənim hədəfimdədir. Bir sıra səbəblərə görə bu, düşündüyümdən də çətin iş oldu. Artıq Parisdə əsası 1996-cı ildə Heydər Əliyev tərəfindən qoyulmuş Fransa-Azərbaycan Ticarət Palatası mövcuddur və bu günə kimi fəaliyyət göstərir. İkincisi, Azərbaycanda hüquqi məsələlər o qədər də sadə deyil. Mən hüquqi məsələləri və hüquqi prosesləri dəyərləndirməmişəm. Sənədləri götürüb Azərbaycanın ədliyyə naziri ilə görüşdüm və biznes əlaqələri və əməkdaşlığın genişləndirilməsi üçün yaradılmış qeyri-hökumət təşkilatının qeydiyyata alınması üçün lazım olan sənədləri nazirə göstərdim. Nazir sənədləri tez bir zamanda nəzərdən keçirəcəyini bildirdi. Hələlik bu mərhələdəyik.

 

Eyni zamanda əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur və mənim 2013-2014-cü illər üçün ambisiyalarım istehlak məhsulları sahəsində münasibətlərinin inkişafıdır. Ticarət Palatasına qoşula biləcək bir neçə nəfərlə artıq söhbət etmişəm. Bununla da bizdən asılı olan məsələlərdə hər şeyə hazırıq, çünki şəxslər var, müxtəlif şirkətlərdən maliyyə dəstəyi var. Buna görə də Ədliyyə Nazirliyindən yaşıl işıq yandırılan kimi biz Ticarət Palatasını çox sürətlə yarada bilərik. İlk günlərdən bu struktura Azərbaycanın da böyük şirkətləri dəvət edəcəyik. Ümidvaram ki, Fransa-Azərbaycan Ticarət Palatası 2013-cü ilin sonuna qədər artıq açılmış olacaq.

 

- Ölkələrimiz arasında hüquqi-normativ bazanın inkişaf səviyyəsini necə dəyərləndirirsiniz? Yaxın gələcəkdə hansı yeni sazişlərin imzalanması planlaşdırılır?

 

- Bir çox məsələlər üzrə danışıqlar aparılır. Hələlik müdafiə, informasiya texnologiyaları, qadınların hüquqlarının müdafiəsi sahələrinə dair texniki sazişlər imzalanması planlaşdırılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova apreldə Fransaya səfər edib və Fransanın qadın hüquqları naziri Naja Vallo-Belkasemla görüşüb. Nazir mümkün olan kimi Azərbaycana səfər etməyə söz verib. Ümidvaram ki, o, ilin sonunda Azərbaycana gələcək və o zaman müxtəlif beynəlxalq forumlarda, Avropa Şurası, UNESCO, BMT-də qadın hüquqlarının müdafiəsi sahəsində ümumi mövqedən çıxış etməyə dair saziş imzalanacaq. Bizdə imzalanmaq üçün hazır sənədlər var, yalnız hər iki ölkənin nazirlərinin görüşməsi və o sənədləri imzalaması qalır. 

 

- ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini ölü nöqtədən tərpətmək üçün müxtəlif yeni ideyalar barədə danışırlar. Sizcə, hazırda münaqişənin nizamlanması perspektivləri necədir?

 

- Fransa nə edə bilər? Deyə bilərəm ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri kimi Parisə səfər edib. O, Fransa parlamentinin sədri Klod Bartolone tərəfindən qəbul olunub, sədr Parisdə Fransa-Ermənistan və Fransa-Azərbaycan dostluq qruplarının görüşünü keçirməyi təklif edib. AŞPA prezidenti Jan-Klod Minyon Bakıya səfəri zamanı Strasburqda belə bir görüşün keçirilməsi təklifini irəli sürmək istədiyini bəyan edib. “G 8” sammiti çərçivəsində ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının son bəyanatının mətnində fikrimcə, çox mühüm təklif var: “Liderlər öz xalqlarını müharibəyə deyil, sülhə hazırlamalıdır”. Fransa hökumətinin mövqeyi ondan ibarətdir ki, bu münaqişənin həll yolu tapılmalıdır. Biz bu xəttə çox bağlıyıq, Parisdə çoxsaylı görüşlər keçirilib. Bizim xarici işlər nazirimiz iyulun ikinci yarısında Parisdə cənab Məmmədyarovla yenidən görüşəcək. Biz bu məsələni həm Ermənistan, həm Azərbaycanla müzakirə edirik. Biz həm Strasburqda, həm Parisdə ermənilərlə azərbaycanlılar arasında görüş keçirmək istəyirik. Barışıq vaxtı çatıb. İnsanlar arasında təmasların təşkilini təklif edən Avropa Birliyi də bu yanaşmanı təqdir edir. Bu, çox mühümdür. Əgər hökumətlər xalqlara qarşı tərəfin düşmən olduğunu deyirsə, bu iki xalqı barışdıra bilməzsiniz. Bu, görülməli işdir. Düşünürəm ki, bunu münaqişənin hər iki tərəfi anlayır və ümidvarıq ki, bu yanaşma özünü işdə də göstərəcək.

 

- Bu cür görüşlərin təşkili təklifinə hər iki tərəfdən reaksiya necə olub?

 

- Hələlik tərəflərdən heç bir reaksiya olmayıb.

 

Son vaxtlar XİN başçılarının həmsədrlərlə görüşləri niyə adətən Parisdə keçirilir? Bu, Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində daha aktiv rol oynamağa hazır olduğu anlamına gəlirmi?

 

- Üç həmsədr arasında rəqabət yoxdur, onlar bir komanda şəklində işləyirlər. Paris belə görüşlərin təşkili üçün münasib yerdir, çünki ABŞ-la Qafqaz arasında yerləşir. Lakin Krakovda da belə görüşlər keçirilib. Yəni, Paris prosesə kömək etməyə hazırdır, lakin bunu seçilmək üçün etmir. Hər üç həmsədrin öz rolu var – Rusiya coğrafi, iqtisadi, hərbi və əhali (Rusiyada çoxlu erməni və azərbaycanlı yaşayır) nöqteyi-nəzərdən regionun mühüm oyunçusudur. ABŞ-ın rolu da çox mühümdür. Fransa da bu regiona çox yaxındır, həm də təkcə ölkəmizdə yarım milyon erməni əsilli vətəndaşın yaşadığına görə deyil, biz həm də Azərbaycanla yaxınıq və həll olunmayan münaqişələrin qalmasını istəmirik, çünki tarixdən bilirik ki, əhali bu münaqişələrdən necə əziyyət çəkir. Bununla da biz çox yaxşı vasitəçi ola bilərik. Üç ölkə bir komanda şəklində çalışır və düşünmürəm ki, onlardan biri digər ikisi olmadan problemi həll edə bilər. Bir çox müşahidəçilər bu il Ermənistan və Azərbaycanda seçkilərlə bağlı danışıqlarda hansısa irəliləyiş gözləmirlər. Lakin bu o demək deyil ki, bir il də itirmiş oluruq. Düşünürəm ki, bu il yeni ideyaların hazırlanması və tərəflərlə müzakirəsi ilidir. Bu da irəliyə doğru addımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536
avatar

Oxşar yazılar