Əməkdaşlığın yeni formatı
25 iyun 2013 11:05 (UTC +04:00)

Əməkdaşlığın yeni formatı

Bu gün Azərbaycan arzuolunan tərəfdaş, etibarlı əməkdaş imicini formalaşdırmış, dövlətlərin çoxtərəfli münasibətləri inkişaf etdirməyə, perspektivə istqamətləndirməyə can atdığı regional gücə çevrilmişdir. Respublika Prezidenti İlham Əliyevin 21 iyun tarixində Belçikaya işgüzar səfəri müzakirələr və əldə olunan nəticələr, müasir Azərbaycanın uğurlu inkişaf strategiyası ilə bağlı təəssüratlar bu fikri bir daha təsdiq edir. Azərbaycan demokratik dövlət quruculuğu prosesini uğurla tamamlamış,  sürətlə inkişaf edən və dünya birliyinə inteqrasiya olunan, siyasi, iqtisadi  islahatlar həyata keçirən, beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq edən dövlətdir. Hazırda Azərbaycan Avropanın vahid siyasi, iqtisadi birliyinin təmininə çalışan, dövlətlərarası və dövlətlərüstü, suprasional qurum kimi xarakterizə olunan, eyni zamanda nəinki Avropada, həmçinin beynəlxalq arenada mühüm əhəmiyyət kəsb edən  Avropa İttifaqı ilə əməkdaşlığın yeni formatı üzərində işləyir. Əməkdaşlığın spektri isə geniş olmaqla bir çox sahələri əhatə edir. Azərbaycan artıq “resipiyent” ölkə statusundan keçərək “donor” ölkə statusunu qazanır. Yəni ölkəmiz  Avropa ölkələrində artıq sərmayə qoymağa başlayır.  Uzun illərdir ki, Avropa da Azərbaycana böyük sərmayələr yatırır. Bu investisiyalar ölkə  iqtisadiyyatını şaxələndirməyə və yeni inkişafa doğru istiqamətlənməyə yardım etmişdir. Digər diqqətçəkən amil ondan ibarətdir ki, sərmayələr yalnız enerji sahəsi ilə bağlı deyildir. Burada, həmçinin qarşılıqlı maraq doğuran digər sahələr də vardır.

Regional sabitlik və təhlükəsizlik məsələlərinin əsas müzakirə obyekti olduğu işgüzar səfər  Azərbaycanın haqlı, qərəzsiz mövqeyinin çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.  Azərbaycan regionda daha çox sabitləşdirici rol oynamaqla, uyğun siyasi strategiyanı bu təməl prinsipə əsaslanmaqla gerçəkləşdirir. Azərbaycan “Şərq tərəfdaşlığı” qrupunun fəal üzvüdür.  Enerji təhlükəsizliyi sahəsində isə artıq Avropa təsisatlarının mühüm tərəfdaşı hesab olunur.

Azərbaycan Avropa İttifaqının bir sıra regional və qlobal məsələlərdə yaxından əməkdaşlıq etdiyi mühüm tərəfdaşıdır. Eyni zamanda Azərbaycan Avropa İttifaqı üçün zəruri tərəfdaş, xüsusilə  enerji sahəsində birgə fəaliyyət nəticəsində böyük nailiyyətlər əldə etməsinə imkan yaradan  əməkdaşıdır.  Bu baxımdan əməkdaşlığın dərinləşməsi, yeni formada inkişafı hər iki tərəf üçün zəruri səciyyə daşıyır. TANAP layihəsinin  reallaşması istiqamətində fəaliyyət “Cənub” qaz dəhlizi layihəsinin uğurla həyata keçirilməsi üçün əlavə imkanlar yaradır.Geniş və konstruktiv müzakirələr Avropanın enerji xəritəsini tamamilə dəyişəcək belə bir mühüm enerji layihəsinin həyata keçirilməsi üçün yeni qərarların qəbul olunacağı mümkünlüyünü təsdiq etdi. Bununla Azərbaycan Avropada uzunmüddətli proqnozlaşdırılan qaz bazarını özü üçün müəyyən edəcək,  Avropa isə uzun müddət, onilliklər ərzində Azərbaycanın alternativ qaz təchizatı mənbəyindən yararlanacaqdır.  Bu sahədə sıx tərəfdaşlıq,  qarşılıqlı anlaşma xüsusilə də “Cənub” qaz dəhlizinin gerçəkləşdiyi bir vaxtda  atılan addımlar bu layihənin uğurlu reallaşması üçün çox vacibdir.

Ümumilikdə, dövlət başçısının Belçikaya işgüzar səfəri Azərbaycanla Avropa, Avropanın regional qurumları arasında olan münasibətlərin yüksək inkişaf səviyyəsində həyata keçirildiyini isbat etdi.  Müzakirələr qarşılıqlı maraq doğuran sahələri, eyni zamanda münasibətlərin real vəziyyətini və daha geniş əməkdaşlığın təşkili yollarını əhatə etdi. Həmçinin Azərbaycanın müasir inkişaf modelinin perspektivləri, əldə edilən əhəmiyyətli nailiyyətlər geniş şəkildə işıqlandırıldı. Bütün bu sadalanan göstəricilərin nəticəsidir ki, Azərbaycan mümkün qədər Avropaya yaxınolma məqsədini uğurla gerçəkləşdirir və bu əməkdaşlıq hər iki tərəf üçün zəruri bir prosesə çevrilir.

 

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 404
avatar

Oxşar yazılar