“Azərbaycan vətəndaşları Ukraynada münaqişə yerlərindən uzaq olmalıdırlar”. APA-nın yerli müxbirinin məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gəncədə Azərbaycan, Türkiyə Gürcüstanın xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Ukrayna ilə Azərbaycanın əməkdaşlığı strateji xarakter daşıyır: “Azərbaycan tez bir zamanda Ukraynada sabitliyin bərqərar olmasını istəyir. Bu, həm Ukrayna, həm də bütün region üçün yaxşı olar. Xarici İşlər Nazirliyi artıq bu barədə açıqlama verib, Azərbaycan vətəndaşları Ukraynada həm yaşayarkən, həm də turist səfərləri və biznes fəaliyyəti ilə əlaqədar ora gedərkən münaqişə baş verən yerlərdən uzaq durmalıdır”.
E. Məmmədyarovun sözlərinə görə, Azərbaycan tərəfi Ukraynada iqtidar, müxalifət və bütün digər qüvvələrin birləşməsini istəyir. Nazir hazırda Ukraynada baş verənlərin çox xoşagəlməz olduğunu söyləyib.