Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan tacikistanlı həmkarı Sirociddin Aslovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğu və əməkdaşlığın dinamik surətdə inkişaf etdiyi vurğulanıb.
E. Məmmədyarov Ermənistan - Azərbaycan münaqişəsinin həllində nümayiş etdirdiyi mövqeyinə görə Tacikistan tərəfinə təşəkkürünü bildirib. S. Aslov isə Azərbaycanın regionun lider dövləti olduğunu qeyd edərək, ölkəmizin və xüsusilə paytaxt Bakının inkişafının müsbət təsir bağışladığını bildirib.
İki ölkə arasında siyasi, iqtisadi, dağ-mədən sənayesi, sərmayələr, nəqliyyat, təhsil və təlim sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb və ölkələrimizin malik olduğu potensiala uyğun olaraq, ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində səylərin artırılmasının vacibliyi vurğulanıb.
Görüş əsnasında rəsmi səviyyədə təmasların və qarşılıqlı səfərlərin davam etdirilməsi barəsində razılıq ifadə olunub.
Sonda E. Məmmədyarov və S. Aslov tərəfindən “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014 - 2015-ci illər üzrə əməkdaşlıq proqramı” imzalanıb.