Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a səfəri çərçivəsində ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasında Avropa Məsələləri üzrə direktor Karen Donfrid ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlər, BMT və NATO kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə müzakirələr aparılıb.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verib. Onun sözlərinə görə, münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması vacibdir. Bu tələb BMT Təhlükəsizlik Şurasının qətnamələrinin müddəalarında əks olunub.
Karen Donfrid ABŞ administrasiyasının münaqişənin sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduğunu bildirib və bunun regionun inkişafı baxımından önəmli olacağını söyləyib. O qeyd edib ki, Azərbaycanın regionun enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayır. Karen Donfrid bu sahədə də uğurlu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.