Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın daxili işlər naziri Qulam Müctəba Patangın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, Elmar Məmmədyarov iki ölkə arasında mövcud yüksək səviyyəli münasibətlərdən məmnunluğunu dilə gətirib, bu münasibətlərin ənənəvi olaraq dostluq və qardaşlıq xarakteri daşıdığını, bu səfərin iki ölkə arasındakı münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Elmar Məmmədyarov Azərbaycanın Əfqanıstana dəstəyinin bundan sonra da davam edəcəyini söyləyib və Ermənistan-Azərbaycan münaqişəsində Əfqanıstanın mövqeyini yüksək qiymətləndirib. Qulam Müctəba Patang isə ölkəsinin Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın Əfqanıstana verdiyi dəstəyi yüksək qiymətləndirib. Qulam Müctəba Patang Ermənistan-Azərbaycan münaqişəsində ölkəsinin daim Azərbaycanın mövqeyini dəstəkləyəcəyini də vurğulayıb.
Görüşdə səfərlər mübadiləsinin həyata keçirilməsi və müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti qeyd edilib.