Elmar Məmmədyarov çexiyalı deputatları qəbul edib
16 aprel 2013 19:51 (UTC +04:00)

Elmar Məmmədyarov çexiyalı deputatları qəbul edib

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çexiya Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi sədrinin müavini Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Nazir nümayəndə heyətini salamlayıb və Azərbaycan-Çexiya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. XİN başçısı İki ölkə arasında əməkdaşlığın bir çox istiqamətlərdə, xüsusilə turizm, mədəniyyət, enerji, infrastruktur kimi sahələrdə genişləndirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb. Nazir parlament diplomatiyasının əhəmiyyətini qeyd edərək, Çexiya-Azərbaycan Dostluq Qrupunun fəaliyyətinin və xüsusilə də bu səfərin bütövlükdə iki ölkə arasındakı münasibətlərin genişlənməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırıb. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini qeyd edib və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Çexiyaya təşəkkürünü bildirib.

 

Qəbula görə təşəkkür edən Yan Hamaçek ölkəmizə səfər etməkdən məmnun olduqlarını və Azərbaycanın iqtisadi inkişaf tempindən təsirləndiyini bildirib. O, ölkəsinin Azərbaycanı özünün strateji tərəfdaşı hesab etdiyini qeyd edərək, ölkəmizin Çexiyanın və bütövlükdə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirib. Parlamentar iki ölkə arasında əməkdaşlığın turizm, mədəniyyət kimi sahələrdə genişləndirilməsi üçün geniş potensialın olduğunu qeyd edib.

 

Görüş zamanı həmçinin regional məsələlər, Azərbaycan-Avropa İttifaqı münasibətləri və Şərq Tərəfdaşlığı proqramı ətrafında da fikir mübadiləsi aparılıb.

# 337
avatar

Oxşar yazılar