Elmar Məmmədyarov Bosniya və Herseqovinanın xarici işlər nazirini qəbul edib
10 iyun 2013 15:56 (UTC +04:00)

Elmar Məmmədyarov Bosniya və Herseqovinanın xarici işlər nazirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov ölkələrimiz arasındakı münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu bildirib.

 

Ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayan nazir Elmar Məmmədyarov Bosniya parlamenti tərəfindən Xocalı Soyqırımına dair qətnamənin qəbul olunmasını yüksək qiymətləndirib. Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi, enerji, turizm, humanitar, mədəni sahələrdə əməkdaşlıq üçün geniş potensial mövcuddur və iqtisadi əməkdaşlığın genişləndirilməsinə zəmin hazırlamaq üçün müqavilə-hüquq bazasının möhkəmləndirilməsi vacibdir. Elmar Məmmədyarov əməkdaşlığın genişləndirilməsi üçün birgə hökumətlərarası komissiyanın yaradılması, ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların qorunması üzrə sazişlərin hazırlanmasını zəruri sayıb.

 

Zlatko Laqumciya ölkəsinin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. O qeyd edib ki, ölkəmizlə siyasi sahədə yüksək əməkdaşlıq mövcuddur və Bosniya parlamentinin fevral ayında qəbul etdiyi qətnamə Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Azərbaycan, Bosniya və Herseqovina bir çox ölkələr üçün mədəniyyətlərin və dinlərin sülh şəraitində birgə yaşadığı model ölkələrdir. O, ölkəsində həyata keçirilən infrastruktur, enerji, turizm layihələrində Azərbaycan şirkətlərini iştirak etməyə dəvət edib. Zlatko Laqumciya Heydər Əliyev Fondunun Bosniya və Herseqovinada həyata keçirdiyi humanitar layihələri yüksək qiymətləndirib və təşəkkürünü bildirib. 

Hər iki nazir görüş zamanı regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi üzrə razılıq əldə edib, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408
avatar

Oxşar yazılar