Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının prezidenti Vuk Yeremiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla BMT arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub və əldə edilmiş uğurlardan məmnunluq ifadə edilib.
Vuk Yeremiçin Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı rolunu yüksək qiymətləndirib və ölkəmizin bu istiqamətdə fəaliyyətini alqışladığını diqqətə çatdırıb. Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sülh prosesinin cari vəziyyəti haqqında məlumat verib və ölkəmizin bu məsələdə mövqeyini rəsmi qonağın diqqətinə çatdırıb. O, nizamlanma prosesində Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu bildirib və sülh prosesinin irəliləməsi üçün ilk öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini bəyan edib.