Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Avropa Parlamentinin deputatlarından ibarət nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycanla Avropa Parlamenti arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləyən Elmar Məmmədyarov belə səfərlərin münasibətlərə böyük töhfələr verəcəyinə əmin olduğunu bildirib.
Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verən Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını vacib sayıb. BMT TŞ-nin dörd məlum qətnaməsinin hələ də yerinə yetirilməməsindən təəssüfləndiyini vurğulayan xarici işlər naziri hazırkı status-kvonun qəbuledilməz olduğunu bəyan edib.
Avropa Parlamentinin deputatları Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini və ikitərəfli münasibətlərin inkişafında maraqlı olduqlarını bildiriblər. Görüşdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu, eləcə də regionda həyata keçirilən nəhəng enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb.