Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə müşaviri Evelin Farkasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əlaqələrin inkişafından, regionda baş verən proseslər və mövcud olan strateji tərəfdaşlıq əlaqələrindən söhbət açılıb, eyni zamanda Azərbaycan-NATO münasibətləri müzakirə edilib.
ABŞ rəsmisi Azərbaycanın İSAF qüvvələrinin Əfqanıstanda sülhyaratma əməliyyatlarına verdiyi töhfəsini yüksək qiymətləndirib. Elmar Məmmədyarov Azərbaycan-NATO münasibətlərinin strateji əhəmiyyətə malik olduğunu söyləyib. Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verən nazir deyib ki, Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmağa başlanması münaqişənin həlli prosesinə geniş imkanlar açacaq. O, münaqişənin regionun sabitliyinə və təhlükəsizliyinə təhdid olduğunu, münaqişənin həllinin region ölkələri ilə yanaşı, regionun qonşuluğunda yerləşən ölkələrin də milli maraqlarına cavab verdiyini vurğulayıb.