Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Qahirə Universitetinin İqtisadiyyat və Siyasi Elmlər fakültəsində “Azərbaycanın xarici siyasəti və Ermənistan-Azərbaycan münaqişəsi ” mövzusunda çıxış edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elman Abdullayev çar Rusiyasının şərqə doğru genişlənməsi və Cənubi Qafqaz regionunun işğalı və bundan sonra süni köçürmə vasitəsilə tarixi Azərbaycan torpaqlarında ermənilərin demoqrafik mövcudluğunun yaradıldığını söyləyib.
Elman Abdullayev qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin kökləri məhz buradan qaynaqlanır. O, ermənilərin Azərbaycana qarşı irəli sürdükləri ərazi iddiaları və münaqişəsinin cari vəziyyətindən söz açıb. Ermənistanın işğalçılıq siyasəti, erməni terroru və bu xüsusda Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə və Xocalı soyqırımı barəsində ətraflı danışıb və münaqişənin həllinə dair Azərbaycanın mövqeyi haqqında məlumat verib.
Elman Abdullayev əldə edilmiş siyasi sabitlik, iqtisadi inkişaf və sosial rifah nəticəsində Azərbaycanın müstəqil, şəffaf və aydın xarici siyasət yürütdüyünü və bu siyasətin artıq regional müstəvidən qlobal müstəviyə doğru irəlilədiyini söyləyib. Onun bu xüsusda Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi oynadığı rol və qlobal problemlərin həllinə verdiyi müsbət töhfələrdən söz açıb.
Qeyd edək ki, Qahirə Universitetinin İqtisadiyyat və Siyasi Elmlər fakültəsində Asiya araşdırmalar mərkəzinin nəzdində “Azərbaycan araşdırmalar bölməsi” təsis edilib. Bu bölmədə tələbələr üçün “Azərbaycan tədris proqramı” fəaliyyətə başlayıb. Proqramda 50-dən artıq tələbə iştirak edir.