Bu gün dünyada Azərbaycanın 70-dən artıq diplomatik missiyası fəaliyyət göstərir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin APA-ya verdiyi məlumata görə, Azərbaycan 2012-2013-cü illərdə Braziliya, Avstraliya və Vyetnamda yeni diplomatik missiyalar açıb. Yaxın zamanlarda Azərbaycanın Çili və Uruqvayda diplomatik nümayəndəliklərinin açılması planlaşdırılır.
“Bu gün Azərbaycan diplomatiyasının əsas hədəfi ölkəmizi dünyada layiqincə təmsil etməkdir. Hələ 20 il əvvəl çoxları Azərbaycanın harada yerləşdiyini bilmirdi, bu gün isə ölkəmiz beynəlxalq arenada, o cümlədən müxtəlif beynəlxalq təşkilatlarda aktiv rol oynayır. Bu işdə Azərbaycan diplomatlarının rolu böyükdür”.
Elman Abdullayev qeyd edib ki, Azərbaycan öz diplomatik missiyalarının coğrafiyasını genişləndirmək işini davam etdirəcək: “Azərbaycan regionda yeni diplomatik nümayəndələrin açılmasına görə ən yüksək dinamikaya malikdir. Hələ 8-9 il əvvəl Azərbaycanın cəmi 25-30 diplomatik missiyası vardı, indi isə bunların sayı 70-dən çoxdur. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirmək niyyətindəyik”.
Azərbaycan XİN-in rəhbəri həmçinin qeyd edib ki, ölkəmizdə akkreditə olunan xarici diplomatik missiyaların sayı ilbəil artmaqdadır: “Bu isə ölkəmizə olan marağın göstəricisidir. Hazırda Azərbaycanda 60-dan artıq xarici diplomatik missiya fəaliyyət göstərir”.
Xatırladaq ki, bu gün Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı qeyd olunur. Bu bayramı prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə təsis edilib.
Azərbaycan diplomatiyasının tarixi rəsmən 9 iyul 1919-cu ildən başlayır. Bu tarix, arxivlərdə Azərbaycan Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə dair tapılmış ilk rəsmi sənədin tarixi ilə əlaqədardır. Belə ki, məhz həmin tarixdə (9 iyul 1919-cu il) AXC-nin Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat qəbul edilib.
1918-1920-ci illərdə Bakı şəhərində dünyanın 16 ölkəsinin diplomatik nümayəndəlikləri fəaliyyət göstərmişdir. İlk xarici işlər naziri Məmmədhəsən Hacınski, ilk səfir isə Əlimərdan bəy Topçubaşov (Osmanlı-Türkiyə).
Həmin illərdə AXC-nin diplomatik xidmətində 239 nəfər işləyirdi. 1920-ci ilin aprelinədək AXC-nin bu ölkə və şəhərlərdə diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi: Gürcüstan, Ermənistan, İran, İstanbul, Ukrayna, Krım, Kuban, Don, İrkutsk.
Hazırda Azərbaycan Respublikasının dünyanın 170 ölkəsi ilə diplomatik əlaqələri vardır.