Əliyev və Ərdoğana “nurçular”la bağlı suallar ünvanlanıb - <span style="color:red;">YENİLƏNİB
04 aprel 2014 19:06 (UTC +04:00)

Əliyev və Ərdoğana “nurçular”la bağlı suallar ünvanlanıb - YENİLƏNİB

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirdikləri birgə mətbuat konfransında türkiyəli jurnalist “nurçular”la bağlı yaranmış problemə dair hər iki liderə sual ünvanlayıb.

 

APA-nın xəbərinə görə, “Əl-Cəzirə - Türkiyə”nin müxbiri R. T. Ərdoğandan İ. Əliyevlə görüşdə nurçuların Azərbaycandakı təhsil ocaqlarının bağlanması məsələsini qaldırıb-qaldırmadığını soruşub.

 

Türkiyənin baş naziri bildirib ki, Türkiyədə keçirilən hər seçkidən sonra ilk səfərini Azərbaycana edir: “Təbii ki, bu səfərlər zamanı ölkələrimizdə hər hansı problem, bizi narahat edən hər hansı sıxıntı varsa, bunu aramızda müzakirə edirik”.

 

Jurnalist Azərbaycanda nurçularla əlaqəsi olan bəzi vəzifəli şəxslərin işdən uzaqlaşdırılması barədə xəbərləri xatırladaraq, prezident İlham Əliyevin bu məsələyə münasibətini öyrənmək istəyib.

 

Azərbaycan prezidenti suala cavab olaraq bunları deyib: “Qardaşımın da dediyi kimi, biz ildə bir neçə dəfə görüşürük və görüşlərimiz ənənəvi xarakter daşıyır. Gələn ay da, iyun ayında da görüşlərimiz ola bilər. Müttəfiq, dost və qardaş kimi aramızda olan söhbətlər çox geniş sahələri əhatə edir. Əsas məsələ budur ki, biz bütün sahələrdə həmfikirik. Bizə zərrə qədər zərər verən məsələləri qəbul etmirik. Buna imkan vermirik və verməyəcəyik. Qardaşlıq, dostluq belə də olmalıdır. Ölkələrimizin gələcək inkişafı, dünyada yerimizi möhkəmləndirmək üçün Azərbaycan-Türkiyə birliyi davam etməlidir və edəcək. Bu, xalqlarımızın sifarişi və rəhbərlərin əqidəsidir. Həmişə yaxşı günlərdə və yaxşı olmayan günlərdə bir-birimizin yanında olmuşuq. Qardaşlar zatən belə olmalıdır və belə də olacaq”.

 

Azərbaycan İctimai Televiziyasının əməkdaşı R.T.Ərdoğana “bəzi kütləvi informasiya vasitələrinin xəbərlərinə görə, sizin partiyanın “nurçular”la bağlılığı var. “Nurçular”la mübarizə barədə nə deyə bilərsiniz”, şəklində sual ünvanlayıb.

 

Türkiyənin baş naziri cavabında sualın qəribə olduğunu söyləyib: “Bizim yalnız millətlə bağlılığımız var. Seçkidə aldığımız 46 faiz nəticə bunu göstərir. Biz Türkiyənin hər yerində bələdiyyə başqanlığı qazanan yeganə partiyayıq. Ölkəmizdəki 7 bölgənin 6-da birinci partiyayıq. Biz xalqın hamısını qucaqlayırıq, digər partiyalar bunu bacarmır. Biz bütün 77 milyon əhalinin partiyasıyıq. Dörd əsas prinsipimiz var: tək millət, tək bayraq, tək vətən və tək dövlət...”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4924
avatar

Oxşar yazılar