Əli Hüseynli: "İşlər artan tempdədir"
18 oktyabr 2013 14:10 (UTC +04:00)

Əli Hüseynli: "İşlər artan tempdədir"

“ABŞ və digər ölkələrdə bu cür yüksək səs çoxluğu ilə qalib gələn lider yoxdur və dünyada ümumiyyətlə, belə liderə nadir hallarda rast gəlinir”


 

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərlə bağlı yaydığı qərəzli hesabat nəticəsində Azərbaycanla olan əməkdaşlığına çox ciddi və sarsıdıcı zərbə vurdu”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

 

Ə. Hüseynli bildirib ki, bu hesabatdan sonra qurum Azərbaycan rəsmilərinin onlara qarşı tutduğu iradlara hələ də tutarlı cavab verməyib. ATƏT DTİHB-nin daha geniş hesabatını daha sonra açıqlayacağını xatırladan Ə. Hüseynli, yekun hesabatın əvvəlkindən ciddi fərqlənəcəyini gözləmədiklərini söyləyib.

 

Komitə sədrinin sözlərinə görə, artıq Azərbaycanın qarşısına inkişaf etmiş ölkələr sırasına qatılmaq vəzifəsi qoyulub və bu baxımdan beynəlxalq təşkilatlarla münasibətlərdə standartlara yenidən baxılmalıdır: “Çünki ATƏT DTİHB kimi qurumlarla əməkdaşlıq keçid dövrü üçün nəzərdə tutulmuşdu. İndi isə Azərbaycan, məsələn, 10 il əvvəlki Azərbaycan deyil. Bu baxımdan da təkcə ATƏT DTİHB-nin seçkilərlə bağlı qərəzli hesabatına görə yox, ümumiyyətlə, artıq qeyd olunan müvafiq dövr keçdiyi və Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyduğu üçün bu qurum və onu kimi digər beynəlxalq təşkilatlarla əməkdaşlıq dayandırılmalıdır. Məsələn, bu yaxınlarda biz ATƏT-in özü ilə də əməkdaşlığa yenidən baxdıq. Artıq bizim ölkəmizin seçkilərinin bu kimi qurumların monitorinqinə ehtiyacı yoxdur. Biz Avropa Şurasında da mövqeyimizi ortaya qoymuşuq ki, Azərbaycan monitorinq altında ölkələr sırasında çıxarılmalıdır”.

 

Komitə sədri ABŞ-ın seçkilərdən əvvəl Milli Şuranın namizədinə 22-25 faiz səs yazılmasını təklif etməsinə dair Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin açıqlamasına da toxunub. Onun sözlərinə görə, təkcə ABŞ yox, digər beynəlxalq təşkilatlar və yaxud onların Bakıdakı nümayəndəlikləri, hətta müşahidəçilər də Azərbaycan hakimiyyətinin təmsilçiləri ilə söhbətlərdə eyni təklifi irəli sürüblər: “Bu görüşlərin bir çoxunun iştirakçısı da olmuşuq. Onlar bizə bildirirdilər ki, “əgər seçkinin nəticəsində İlham Əliyev 80 faizdən çox səs toplayarsa, bu, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmaz, daha aşağı olsa, daha yaxşı olar” və sair... Seçkidən əvvəl keçirilən sorğular İlham Əliyevin 80-85 faizdən də yüksək səs çoxluğuna malik olduğunu göstərirdi. Seçkidə də bu nəticə ortaya çıxdı. O zaman necə seçkinin nəticəsinə müdaxilə etmək olar? Axı seçkinin ilk növbədə saxtakarlığı bundan ibarət olardı. Görünür, beynəlxalq ictimaiyyət üçün, o cümlədən də ABŞ üçün belə böyük fərqlə seçkidə qələbə qazanmaq təəccüblü gəlir. O ölkələrdə bu cür yüksək səs çoxluğu ilə qalib gələn lider yoxdur və dünyada ümumiyyətlə, belə liderə nadir hallarda rast gəlinir. Amma bu, Azərbaycan ictimaiyyəti üçün çox normaldır və reallıqdır ki, xalq öz milli hissinə daha çox söykənərək liderlərini dəstəkləyir. İlham Əliyevin həyata keçirdiyi proqramlar, işlər artan tempdədir və onun reytinqi yüksəkdir”.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 775
avatar

Oxşar yazılar