Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarı və səfirliyin əməkdaşlarından ibarət nümayəndə heyətini qəbul edib. Lent.az-ın məlumatına görə, görüşdə ölkələrimiz arasındakı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğunu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıran Ə. Həsənov ABŞ-ın Azərbaycandakı səfirliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkün soydaşlarımıza göstərdiyi humanitar yardımlara, həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirərək bu sahədəki əməkdaşlığın mühüm önəm daşıdığını önə çəkib.
Görüşə gəlməyinin əsas məqsədinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərə az da olsa töhfə verməkdən, bunun üçün müxtəlif infrastruktur və digər layihələr həyata keçirməkdən ibarət olduğunu vurğulayan diplomat bildirib ki, məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün ən böyük vəsaiti Azərbaycan hökuməti ayırır: “Düşünürəm ki, bizim də həyata keçirəcəyimiz layihələr buna kömək ola bilər”.
Səfir yaxın günlərdə Gəncə şəhərinə növbəti dəfə səfər edəcəyini və burada yeni istifadəyə verilmiş şəhərcikdəki məktəbə baş çəkəcəyini və məktəbin fəaliyyəti ilə yaxından tanış olacağını da diqqətə çatdırıb.
Müxtəlif ərazilərdə məskunlaşan məcburi köçkünlərlə görüşdən aldığı təəssüratdan, onlarla söhbətlər zamanı ən böyük istəklərinin doğma ocaqlarına qayıtmaq istəyi olduğundan məmnunluğunu bildirən səfir ABŞ-ın bu istiqamətdə Azərbaycan hökumətinə daim dəstək verəcəyini bildirib. Bu sahədəki fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini önə çəkən diplomat Azərbaycanda gedən iqtisadi inkişafın, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. Rəsmi Vaşinqtonun azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına hər zaman xüsusi diqqət verdiyini deyən qonaq bu istiqamətdə həyata keçiriləcək layihələrdə iştiraka hazır olduqlarını diqqətə çatdırıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bugünkü durum, bu münaqişə nəticəsində soydaşlarımızın problemlərinin həlli ilə bağlı qarşıda duran vəzifələr, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.