Əli Həsənov: “Müxalifətin yerinə biz utanırıq”
30 avqust 2013 13:33 (UTC +04:00)

Əli Həsənov: “Müxalifətin yerinə biz utanırıq”

“Abırlı-həyalı elm adamını ortaya atıblar, onu da rüsvay edəcəklər”


 

“Biz müxalifətin yerinə utanc hissi keçiririk”.

 

APA-nın məlumatına görə, bunu Baş nazirin və YAP sədrinin müavini, Qaçqınların və Məcburi Köçkünlərlə İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Qubadlının işğal edilməsinin 20-ci ildönümü ilə əlaqədar keçirilən mərasimdəki çıxışında deyib.

 

Ölkədəki ictimai-siyasi mühiti dəyərləndirən Ə. Həsənov bildirib ki, Azərbaycandakı hazırkı müxalifət özünü çoxdan rüsvay edib: “Bu isə təəssüf doğurur. Hesab edirəm ki, güclü iqtidar qarşısında, güclü müxalifət olmalıdır. Bu müxalifət çoxdan siyasi arenadan getməli, yerini daha güclü siyasi qurumlara verməli idi. Azərbaycan iqtidarı da qarşısında güc hiss etməliydi ki, bundan da yaxşı çalışsın, bundan da yaxşı işləməsin. Lakin bu baş vermədi. Çünki müxalifətdə oturanlar öz yerlərini əldən vermək istəmirlər. Qrant alıb, dolanışıqlarını təmin edirlər. Öz içlərindən olan güclü müxalifətə də yol vermirlər. Adicə namizəd məsələsində nə günə düşdüklərinin şahidi olduq. Bir namizəd ortaya çıxara bilmədilər. İndi abırlı-həyalı bir elm adamını ortaya atıblar. Onu da rüsvay edəcəklər. O, normal insandır, gətirib siyasətə qatıblar. Budur bunların iç üzü”.

 

Ə. Həsənov qeyd edib ki, seçkilərdə hər kəs layiqli namizədə səs verəcək: “Bununla, vətəndaş öz gələcəklərinə səs verəcəklər. Biz demirik, kimə səs verin. Hər kəs kimə səs verəcəyini özü bilər. Cənab İlham Əliyevin kiminsə köməyinə ehtiyacı yoxdur. O, 10 ildə gördüyü işlərlə özü öz məsələsini həll edib. Biz isə hələ uzun müddət ölkə başçısının rəhbərliyi altında bu işləri görəcəyik, sizinlə Qubadlıya gedəcəyik, qələbəmizi Qubadlı torpağında qeyd edəcəyik. Biz buna ümid edirik və belə olacağına tam əminik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 665
avatar

Oxşar yazılar