“Gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi milli maraqlarımıza cavab verəcəksə, lazımi addım atacağıq, verməyəcəksə, təbii ki, mövcud formatla qənaətlənəcəyik”
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Avropa Birliyi (AB) ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında Sazişin imzalanmasını şərh edib.
Ə. Həsənov APA-ya açıqlamasında bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Vilnüsdə III “Şərq tərəfdaşlığı” Sammitində iştirakı və AB ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında Sazişin imzalanması Birliklə ölkəmiz arasında ikitərəfli əlaqələrin inkişafına xidmət edir: “Bununla yanaşı, qeyd etməliyəm ki, cənab İlham Əliyev bütün məsələlərə, o cümlədən ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın daha da dərinləşdirilməsinə ilk növbədə Azərbaycanın milli maraqları prizmasından yanaşır. Nüfuzlu beynəlxalq qurumların potensialından ölkənin siyasi, iqtisadi, sosial, humanitar yüksəlişi üçün maksimum bəhrələnmək Azərbaycanın xarici siyasətinin başlıca prinsiplərindən birini təşkil edir. Viza rejiminin sadələşdirilməsi də Avropa ilə Azərbaycan arasında təmasların güclənməsinə, vətəndaşlarımızın Avropa ölkələrinə işgüzar, turizm və digər məqsədlərlə səfərlərinin asanlaşmasına, bu sahədə mövcud bürokratik əngəllərin aradan qaldırılmasına xidmət edəcək”.
Şöbə müdirinin sözlərinə görə, Azərbaycan müxtəlif beynəlxalq formatlardakı iştirakını həm də bütün regional maraqları nəzərə almaqla həyata keçirir: “Bizim ikitərəfli və çoxtərəfli əməkdaşlığımızda Azərbaycanın milli maraqları başlıca amildir və bu əməkdaşlıq heç bir halda başqa region dövlətlərinin müvafiq maraqlarını pozmur. Bu, belə olub, belə də olacaq. Gələcəkdə də əməkdaşlığın inkişaf etdirilməsi milli maraqlarımıza cavab verəcəksə, biz lazımi addım atacağıq, verməyəcəksə, təbii ki, mövcud formatla qənaətlənəcəyik”.