Əli Həsənəov: “Azərbaycanda tam azad mətbuat formalaşıb”
30 iyul 2013 12:07 (UTC +04:00)

Əli Həsənəov: “Azərbaycanda tam azad mətbuat formalaşıb”

 

“Prezidentliyə namizəd olmaq istəyənlərdən biri jurnalistləri ağzından vurmaqla hədələyir, lakin bu günə kimi Azərbaycan prezidentinin dilindən bir dəfə də olsun jurnalistləri təhqir edəcək söz çıxmayıb”


 

“Bu günə kimi Azərbaycan prezidentinin dilindən bir dəfə də olsun jurnalistləri təhqir edəcək söz çıxmayıb”.

 

APA-nın məlumatına görə, bu fikirləri Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxışı zamanı deyib.

 

Ə. Həsənov deyib ki, mətbuat tərəfsiz olmalıdır: “Heç bir demokratik cəmiyyəti mətbuatsız, siyasi plüralizmsiz təsəvvür etmək mümkün deyil. Lakin mətbuat təkcə seçkilərdə deyil, hər zaman öz tərəfsiz mövqeyini ortaya qoymalıdır. Mətbuat insanların seçiminin və ümumi dünyagörüşünün formalaşmasına təsir göstərir. Mətbuat hakimiyyətin də, iqtidara opponentlik edənlərin də fəaliyyətinə qiymət verməyə zəmin yaradır”.

 

Ə. Həsənovun sözlərinə görə, artıq Azərbaycanda tam azad mətbuat formalaşıb: “Bu günə kimi medianın inkişafı üçün dövlət tərəfindən davamlı tədbirlər həyata keçirilib. Müxtəlif illərdə sərəncamlar imzalanıb, medianın maddi-texniki bazasının güclənməsinə,  jurnalistlərin sosial problemlərinin həllinə dəstək göstərilib. Görülmüş işlər həddən artıq çoxdur və  dünyanın heç bir yerində belə hala rast gəlmək mümkün deyil. 156 jurnalistə evlərin verilməsini də buna aid etmək və sübut kimi göstərmək olar. Azərbaycan hakimiyyətinin mətbuatdan gizlədəcəyi, çəkinəcəyi heç nə yoxdur. Azərbaycan bu gün dünyanın demokratik, azad dövlətlərindən biridir. Azad media da Azərbaycanın demokratik inkişafını şərtləndirən əsas amillərdən biridir. Vaxtilə jurnalistlərə necə təzyiqlər göstərildiyi, yəqin ki, yadınızdadır. Jurnalistlər döyülür, maşının yük yerinə basılaraq aparılır, onlara təzyiqlər edilirdi. Hətta indi prezidentliyə namizəd olmaq istəyənlərdən biri deyir ki, hakimiyyətə gələcəyi təqdirdə onun haqqında yazan jurnalistlərin ağzından vuracaq. Lakin bu günə kimi Azərbaycan prezidentinin dilindən bir dəfə də olsun jurnalistləri təhqir edəcək söz çıxmayıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 305
avatar

Oxşar yazılar