Əli Əhmədov YAP-ın fəalları ilə görüşüb
04 iyul 2013 00:31 (UTC +04:00)

Əli Əhmədov YAP-ın fəalları ilə görüşüb

İyulun 3-də Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov partiyanın Astara və Lerik rayonlarının fəalları ilə görüşüb. APA-nın cənub bürosunun məlumatına görə, Astara Rayon Mədəniyyət evində baş tutan tədbirdə Əli Əhmədov görüşün məqsədinin ölkənin inkişafı, tərəqqisi, dövlətin son illər qazandığı yüksək nailiyyətləri barədə YAP fəalları ilə fikir mübadiləsi aparmaqdan ibarət olduğunu bildirib. Bu ilin iyun ayının 7-də keçirilən YAP-ın V qurultayında YAP sədri İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürüldüyünü xatırladan icra katibi bu fikrin ölkə prezidenti kimi İlham Əliyevin ötən 10 il ərzində respublikada gördüyü işlərdən, əldə olunan nailiyyətlərdən, Azərbaycanın sürətli, əzəmətli inkişafından irəli gəldiyini söyləyib: ”İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi insanlara xidmət etməkdən ibarətdir. YAP fəalı olaraq bizim üzərimizə də böyük məsuliyyət düşür. Fəal təbliğat və təşviqat işləri aparmalıyıq ki, bəzi özünü siyasətçi adlandıran müxalif qüvvələrin populist çıxışları, yağlı vədləri xalqı çaşdırmasın. Belələrinə deməyə sözümüz, qarşılarına çıxarmağa arqumentlərimiz çoxdur. Ötən müddət ərzində prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazanılan böyük uğurlar, əldə etdiyimiz nailiyyətlər təbliğat aparmaq üçün ən böyük vasitəmizdir. Biz bundan istifadə etməliyik”.

 

Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, YAP rayon təşkilatı qadınlar şurasının sədri Ağgül Məmmədova çıxışlarında qazanılan nailiyyətləri yüksək qiymətləndirərək qarşıdan gələn prezident seçkilərində astaralıların yalnız dövlət başçısı Əliyevə səs verəcəklərini bildiriblər.

 

Lerikdə keçirilən görüşdə YAP sədrinin müavini, icra katibi Əli Əhmədov qarşıdakı prezident seçkilərində öz sıralarında 600 min nəfəri birləşdirən YAP üzvlərinin qarşısında duran vəzifələrdən ətraflı söhbət açıb. Onun sözlərinə görə, hər bir seçki kampaniyası dövründə cəmiyyətdə müxtəlif qabarmalar yaranır. Müxtəlif maraqlı dairələr bu dövrdə fəallaşır, əldə olunmuş nailiyyətlərə kölgə salmağa çalışırlar. Azərbaycan realıqlarının təhrif olunmasının qarşısının alınmasında partiya üzvləri xüsusi fəallıq nümayiş etdirməlidirlər. Bu işdə gənclərin, qadınların və ziyalıların gücündən səmərəli istifadə edilməlidir. YAP üzvləri seçki kampaniyasında mövcud olan bütün resurslardan istifadə etməklə seçkilərin yüksək səviyyədə keçirilməsinə töhfələrini verməlidirlər.

 

Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, YAP Lerik rayon qadınlar şurasının sədr müavini Gültəkin Şıxəliyeva, rayon gənclər və idman idarəsinin rəisi Rövşən Rüstəmov bu ilin oktyabr ayında keçiriləcək növbəti Prezident seşkiləri ilə əlaqədar görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 729
avatar

Oxşar yazılar