Baş Prokurorluq Eldar Namazovun Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılması ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar SultanovAPA-ya bildirib ki, “EL” hərəkatının rəhbəri Eldar Namazov Əflan İbrahimovun müraciəti əsasında Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılan araşdırmalarla bağlı izahatının alınması məqsədi ilə həmin idarəyə dəvət edilib.
Qeyd edək ki, Ə. İbrahimov kütləvi informasiya vasitələrində “Milli Şura”nın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.
*****
15.07
Milli Şuranın icra aparatının rəhbəri, “EL” hərəkatının lideri Eldar Namazov bu gün Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İdarəsinə çağırılıb. Lent.az-ın məlumatına görə, çağırış “EL” hərəkatının keçmiş üzvü Əflan İbrahimovun bəyanatı ilə əlaqədardır. Bəyanatda Milli Şuranın kütləvi iğtişaşlar hazırlaması iddia edilib.
E.Namazaov “Turan”a açıqlamasında deyib ki, onu müstəntiq Orxan Dəmirli saat 15:00-da bununla bağlı ifadə verməyə çağırıb. O, Ə. İbrahimovun bəyanatını şərh edərkən bildirib ki, o, “EL” təşkilatından xaric edilib. Ə.İbrahimov Milli Şuraya da qəbul edilməyib.